Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir
Şanlıurfa, 2 oktyabr, AZƏRTAC
“TEXNOFEST” kimi təşəbbüslər sayəsində gənclər öz arzularını həyata keçirməyə, dünyanı daha yaxşı etməyə çalışırlar.
Bu fikirləri Şanlıurfada keçirilən “TEXNOFEST- Cənub-Şərq” festivalında iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri jurnalistlərlə söhbət zamanı bildiriblər.
“NeuroTwin” layihəsini hazırlayan “UNECode” komandası festivalın “Onkologiyada 3T” kateqoriyasında qaliblər sırasında yer almağı hədəfləyir.
UNEC-in yeddi tələbəsindən ibarət komanda bədxassəli beyin şişlərinin ən geniş yayılmış və ən aqressiv forması olan qlioblastomanın təhlili və müalicəsinin asanlaşdırılması məqsədilə süni intellekt texnologiyalarından istifadə edən layihə barədə məlumat verib.
Komandanın üzvü Aşurbəy Məmmədzadə bildirib ki, süni intellekt modelinin hazırlanma layihəsinə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dəstək göstərilib.
“Bizə xəstələrin şəxsi məlumatları deyil, şişin xarakteri və ya ölçüsü barədə məlumatlar təqdim olunub. Təəssüf ki, qlioblastomanın inkişaf müddəti çox qısadır. Həkimlərin işini asanlaşdırmaq üçün konkret xəstəyə uyğun modellər yaratmağa çalışırıq”, - deyə o qeyd edib.
O, komandanın tərkibində Azərbaycan Tibb Universitetinin tələbələrinin də olduğunu bildirib.