Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
Bakı, 2 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Şərq-Qərb boru kəmərini yenidən işə saldıqdan sonra Yanbu limanında neft tankerlərinin yüklənməsini bərpa edib. Nəticədə “Brent” markalı xam neftin neftin qiyməti 3 dollar ucuzlaşaraq 99,32 dollara düşüb.
AZƏRTAC xəbər verir ki, ABŞ ilə İran arasında hərbi ritorikanın qızışmasına və hərbi əməliyyatların yenidən başlama ehtimalının artmasına baxmayaraq, qiymətin azalması bazarın təchizatı ilə əlaqədardır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri boru kəmərləri vasitəsilə neft ixracını kəskin artırıblar. Vaxtilə Körfəzdən daşınan xam neftin təxminən 40 faizi hazırda boru kəmərləri vasitəsilə Hörmüz boğazından yan keçərək dünya bazarına çatır.
“Kpler” nalitik şirkətinin məlumatına görə, Yaxın Şərqdən xam neft ixracı sentyabr ayının ortalarından etibarən gündəlik 16,3 milyon barelə çatıb. Bu, münaqişənin fevral ayında başlamasından bəri ən yüksək səviyyədir. Lakin göstərici hələ də fevral ayının səviyyəsindən təxminən 3,2 milyon barel aşağıdır.
Qiymətlərə güclü təsir edən xəbərlərdən biri də Avropa ölkələrinin əlavə yanacaq və xam neft ehtiyatlarının bazara çıxarılmasını müzakirə etməsidir.
Fransa tərəfindən irəli sürülən təklifə əsasən, Avropa ölkələrinin 50 milyon barrel dizel, Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin isə 50 milyon barrel xam neft ehtiyatını bazara çıxarması müzakirə olunur. Məqsəd enerji bazarındakı gərginliyi azaltmaqdır.
Neft bazarında qiymətlərə təsir edən digər mühüm amil OPEC+ siyasətidir. Sentyabrın 6-da OPEC+ çərçivəsində Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman oktyabr ayı üçün hasilat siyasətini dəyişməmək qərarına gəliblər. Növbəti görüş oktyabrın 4-nə planlaşdırılıb və böyük ehtimalla hasilatla bağlı qərar dəyişdiriləcək.
Bu qərar bazara əlavə hasilat artımı siqnalı verməsə də, investorlar növbəti OPEC+ toplantısında veriləcək mesajları diqqətlə izləyirlər. Çünki hasilatın artırılması perspektivi yarandığı halda, bazarda təklifin artacağı gözləntisi qiymətləri aşağı çəkə bilər.
Hazırda dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir. Qlobal iqtisadiyyatda neftə olan tələb də qiymətin formalaşmasında əsas rol oynayır.