Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ
Moskva, 2 oktyabr, AZƏRTAC
2026-cı ilin iyun ayında Bakıda ilk dəfə Argentina tanqosu üzrə birinci Azərbaycan çempionatı çərçivəsində beynəlxalq festival – “El Calor en Baku — Azerbaijan Tango Festival” keçirildi. Onun qalibləri Argentina tanqosu üzrə ilk Azərbaycan çempionları Müjgan Əliyeva və Kiril Pokorski oldular.
Bakıdakı qələbələrindən sonra Müjgan Əliyeva və Kiril Pokorski Avropadakı beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə davam etdilər və daha sonra Argentina tanqosu üzrə dünya çempionatı – “Tango BA Mundial 2026”da iştirak etmək üçün Buenos-Ayresə səfər etdilər. Azərbaycan ilk dəfə olaraq bu mötəbər turnirdə təmsil olundu. Müjgan Əliyeva və Kiril Pokorski 47 ölkədən təxminən 800 cütlük arasında “Tango de Pista” kateqoriyasında yarımfinala yüksəldilər və çempionatın ən yaxşı 100 cütlüyü arasında yer aldılar.
Müjgan Əliyeva AZƏRTAC-a ilk Azərbaycan çempionatından Buenos-Ayresdəki dünya çempionatına qədər yol və gələcək planları barədə danışıb.
- Müjgan, Argentina tanqosu həyatınıza necə daxil olub? Rəqs etməyə nə vaxt başladınız və Kiril Pokorski ilə tərəfdaşlığınız necə yarandı?
- Rəqs uşaqlıqdan bəri həyatımızın bir hissəsidir, baxmayaraq ki, hər kəsin öz yolu olub. Kiril dörd yaşından etibarən idman bal rəqsləri ilə məşğul olub, geniş çıxışlar edib və çempionatlar da daxil olmaqla əhəmiyyətli nəticələri var. Argentina tanqosu onun həyatına daha sonra daxil olub.
Altı yaşında rəqs etməyə, bal və sosial rəqslərlə məşğul olmağa, tədbirlərin bir neçəsində çıxış etməyə başladım. Təəssüf ki, həmin vaxtlar ciddi yarış səviyyəsində özümü sınaya bilmədim, çünki Bakıda bal rəqsləri yarışları yox idi. Zamanla digər sahələrə keçdim və daha sonra “Vogue” studiyasında dərs deməyə başladım.
Bizi ilk dəfə rəqs cütlüyü kimi bir araya gətirən məhz tanqo oldu və daha sonra ailə qurduq. 2025-ci ildə birlikdə ciddi məşqlərə başladıq və 2026-cı il ilk tam yarış mövsümümüz oldu.

- İyun ayında siz Kirillə Argentina tanqosu üzrə ilk Azərbaycan çempionatını qazandınız və birinci milli çempion oldunuz. Bu qələbə sizin üçün nə demək idi?
- Bu qələbənin bizim üçün xüsusi yeri var. İlk Azərbaycan çempionatı ölkədə Argentina tanqosunun inkişafı üçün əlamətdar hadisə idi və biz onun ilk qalibləri kimi tarixə düşmək şərəfinə nail olduq.
Çox xoşbəxt idik, amma bu sevinclə yanaşı, həm də məsuliyyət hissi keçirirdik. Bizim üçün təkcə çempionluğu qazanmaq deyil, həm də bu yolu ləyaqətlə davam etdirmək və Azərbaycanı beynəlxalq arenada təmsil etmək vacib idi.

- Bakıdakı çempionatdan sonra Azərbaycanı Avropadakı beynəlxalq yarışlarda təmsil etməyə davam etdiniz. Bu proses necə alındı və dünya çempionatına hazırlığınız nə dərəcədə ciddi idi?
- Cütlüyümüzün həm Avropa, həm də dünya çempionatında ilk dəfə Azərbaycanı təmsil etmək imkanı qazanması bizim üçün xüsusilə vacib idi. Bu, həm böyük motivasiya, həm də məsuliyyət hissi yaratdı - layiqli nəticə əldə etmək və Azərbaycanın adının beynəlxalq tanqo səhnəsində eşidilməsini təmin etmək istəyirdik.
Hazırlıq çox intensiv idi: məşqçimiz Maksim Gerasimovla müntəzəm məşqlər, texnika, musiqililik, komanda işi və bir yarış mərhələsindən digərinə ardıcıllıq üzərində işləmək lazım gəlirdi.
Bu çətin yolun bütün mərhələlərində göstərdikləri dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə və şəxsən səfir Rəhman Mustafayevə xüsusi minnətdarlığımızı bildirmək istərdik. Həmçinin, tərəfdaşlarımız SOCAR və Azərbaycan Beynəlxalq Bankına sponsorluqlarına görə təşəkkür edirik. Bu, bizə Azərbaycanı Avropa və Argentinada keçirilən böyük beynəlxalq yarışlarda təmsil etməyə imkan verdi.
İtaliyada keçirilən Avropa çempionatında “Tango de Pista” kateqoriyasında yarımfinala yüksəldik. Buenos-Ayres mundialında da yarımfinala vəsiqə qazandıq, ilk 100-lüyə daxil olduq və 74-75-ci yerləri bölüşdük. Bu, ilk beynəlxalq mövsümümüz üçün çox əhəmiyyətli bir nəticədir.

- Kiril ilə birlikdə hansı beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırsınız və dünya çempionatında yarışdıqdan sonra əsas məqsədiniz nədir?
- Bir çox beynəlxalq yarışlar var, ona görə də hazırda növbəti mövsüm üçün əsas turnirlərin təqvimini tərtib edirik və davamlı inkişafımız üçün ən vacib olanları seçirik.
Dünya çempionatında ilk iştirakımızdan sonra məqsədimiz çox konkretləşdi. Buenos-Ayresə daha güclü şəkildə qayıtmaq və dünya çempionatının finalına vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq istəyirik. Əlbəttə, nəticələrimizin Azərbaycanda Argentina tanqosunun inkişafına diqqəti daha çox cəlb etməyə davam etməsini də arzulayırıq.