Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu gün Azərbaycan gənci dünyanın ən yaxşı universitetlərində təhsil almaq, elm, innovasiya, sahibkarlıq, dövlət və ictimai fəaliyyət daxil olmaqla ən müxtəlif sahələrdə öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.
"Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycan gəncliyi istər döyüş meydanında, istərsə də informasiya müharibəsində öz cəsarəti, fədakarlığı, vətənpərvərliyi və biliyi ilə sahib olduğu dəyərləri və milli kimliyi ən uğurlu şəkildə ortaya qoydu. Müstəqil Azərbaycanda yetişmiş bu gənc nəsil Ali Baş Komandanın rəhbərliyi ilə Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirdi", - deyə Bəxtiyar İslamov diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğı, inkişaf üçün yaradılmış geniş imkanlar, gənclərə verilən yüksək dəyər və gənclərə olan etimad məhz Prezident İlham Əliyevin gənclərə verdiyi böyük qiymətin ən bariz təzahürüdür.