AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək
Bakı, 2 oktyabr, AZƏRTAC
AMEA Rəyasət Heyətinin növbəti iclasında Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri 2026-cı il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, qəbulun nəticələri ilə bağlı təsdiq edilmiş qərarın icrası çərçivəsində doktoranturada tədqiqat aparacaq iddiaçılar üçün dissertasiya mövzuları və elmi rəhbərlər mərhələli şəkildə müəyyənləşdiriləcək. Prosesin birinci mərhələsində elmi müəssisələr tərəfindən mövzular və elmi rəhbərlər müəyyənləşdirilərək Elmi şuralarda müzakirə olunacaq. Daha sonra təkliflər AMEA-nın müvafiq elmi bölmələrinə, yekunda isə Rəyasət Heyətinə təqdim ediləcək.
S.Xavəri bildirib ki, doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində əsas meyarlar mövzuların müvafiq elm sahəsinə və ixtisasa uyğunluğu, elmi problemlərin aktuallığının ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji tələbatları ilə şərtlənməsi, eləcə də müvafiq elm sahələrinin ciddi nəzəri-metodoloji axtarışları və dünyanın müasir çağırışları ilə əlaqələndirilməsidir. O, həmçinin fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsinin, humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin tövsiyə olunduğunu qeyd edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu istiqamətdə müvafiq tapşırıqlar verib və Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.