Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH
Bakı, 2 oktyabr AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində milli təhlükəsizliyin təmin olunması yalnız hərbi potensialın gücləndirilməsi ilə məhdudlaşmır. Müdafiə sənayesinin inkişafı, yeni texnologiyaların mənimsənilməsi, kadr potensialının artırılması, kibertəhlükəsizliyin gücləndirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişləndirilməsi də dövlətlərin təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan Bakıda keçirilən “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ azad edildikdən sonra dünya dövlətləri Azərbaycanın hərb potensialına ciddi maraq göstərməyə başlayıb.
“Heç bir beynəlxalq yardım olmadan 44 gün ərzində işğal altındakı əraziləri azad etmək, xüsusi hərbi taktika və yeni texnologiyaların tətbiqini tələb edirdi ki, bunu da Azərbaycan ordusu tətbiq etdi və qələbə qazandı. Milli təhlükəsizlik baxımından “ADEX 2026”nın əsas istiqamətlərindən biri Azərbaycanın müdafiə sənayesinin imkanlarının nümayiş etdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq üçün yeni əlaqələrin yaradılmasıdır. Azərbaycanın milli ekspozisiyasında ölkəmizin müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrində fəaliyyət göstərən qurum və şirkətlərinin məhsul və həlləri nümayiş etdirilir. Bu yanaşma yerli müdafiə sənayesi müəssisələrinin imkanlarının beynəlxalq tərəfdaşlara daha sistemli şəkildə təqdim olunmasına şərait yaradır”, - deyə deputat vurğulayıb.
Milli müdafiə sənayesinin inkişafının təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını qeyd edən Ziyad Səmədzadə müasir şəraitdə hərbi təyinatlı məhsulların, rabitə və idarəetmə sistemlərinin, pilotsuz vasitələrin və digər texnoloji həllərin yerli istehsal imkanları ilə genişləndirilməsinin dövlətin müdafiə qabiliyyətinin dayanıqlılığına təsir göstərən amillərdən olduğunu vurğulayıb: “Təsadüfi deyil ki, 2005-ci ildə Prezident İlham Əliyev qlobal dünyada milli təhlükəsizlik məsələlərinin aktual xarakter aldığını nəzərə alaraq Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Ötən müddət ərzində əldə edilən uğurların başlıcası Qarabağın azad edilməsidir. Digər tərəfdən isə artıq Azərbaycan dünya silah bazarında özünəməxsus pay sahibidir.
Digər məsələ ordunun yeni texnologiyalara əsaslanan avadanlıqlarla təminatı məsələsidir. Müasir müharibələrin və təhlükəsizlik mühitinin dəyişməsi müdafiə sistemlərində pilotsuz vasitələrin, süni intellektin, yüksək dəqiqlikli sistemlərin, lazer texnologiyalarının və rəqəmsal idarəetmənin rolunu artırır. “ADEX 2026”nın proqramında da süni intellekt, təhlükəsiz rəqəmsal sistemlər, məlumatların idarə edilməsi, kibermüdafiə, elektron müharibə və rabitə sistemlərinin təhlükəsizliyi kimi məsələlərə xüsusi diqqət ayrılıb. Bu istiqamətlər milli təhlükəsizlik üçün yalnız hərbi texnika məsələsi deyil, həm də texnoloji üstünlük və informasiya təhlükəsizliyi məsələsidir. Rəqəmsal sistemlərdən asılılığın artdığı şəraitdə məlumatların qorunması, idarəetmə sistemlərinin davamlılığı və kiberhücumlara qarşı dayanıqlılıq dövlət təhlükəsizliyinin mühüm komponentlərinə çevrilir”.