Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır
Şanlıurfa, 2 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə xalqlarının mədəniyyəti, musiqisi və adət-ənənələri çox yaxındır və sentyabrın əvvəlində Bakıda keçirilən Şanlıurfa Mədəniyyət Günlərində bunun bir daha şahidi olduq. Biz qardaş Azərbaycanla əlaqələrin fəal şəkildə dərinləşdirilməsinin tərəfdarıyıq və cənub-şərqi Anadoluda oxşar mədəni tədbir təşkil etməyə hazırıq.
Bu barədə Türkiyənin Şanlıurfa bələdiyyəsinin sədri Mehmet Kasım Gürpınar AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakıya ilk dəfə gələn hər bir Şanlıurfa sakini iki qardaş xalqın mədəniyyətindəki oxşarlıqlara həqiqətən də heyran olur, mehribanlıqdan və qonaqpərvərlikdən zövq alır. “Bu, həm Bakı küçələrində, həm də Şanlıurfada gəzərkən hiss edəcəyiniz böyük sərvətdir. “Xəzər sahilində tarixin ürəyi" proqramının təşkilatçılarına, rəsmi strukturlara, Türkiyənin Bakıdakı səfirliyinə və sahibkarlara, xüsusən də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) rəhbərliyinə səmimi-qəlbdən minnətdaram.
Bələdiyyə sədri Şanlıurfanın çox zəngin tarixə və mədəniyyətə malik olduğunu, məşhur “Göbekli Tepe” məbəd kompleksi də daxil olmaqla qədim insan məskənlərinin məhz burada kəşf edildiyini xatırladıb.
Mehmet Kasım Gürpınar şəhərin Azərbaycandan gələn qonaqları qarşılamağa hazır olduğunu vurğulayıb. “Şanlıurfa Mədəniyyət Günləri yalnız ilk addımdır və daha çox addım atılmalıdır. Şanlıurfanın mərkəzi bulvarlarından birinin Azərbaycanın adını daşıması da təsadüfi deyil. Bu, qardaş ölkəyə göstərilən diqqət və hörməti nümayiş etdirir. Əminəm ki, şəhərimizin bu bulvarda gəzişən hər bir sakini və qonağı Azərbaycanı, qardaş xalqı xatırlayır. Şəhərimizin belə qardaşlıq və dostluq məkanlarına sahib olması ilə fəxr edirik”, - deyə o qeyd edib.
Şəhər bələdiyyəsinin sədri əlavə edib ki, Şanlıurfadan olan investorlar da Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verirlər və bu sahədə TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat nümunə göstərir. “Regional səviyyədə sahibkarlar arasında əlaqələrin qurulması gündəmimizdə qalır. Azərbaycandan olan investorları tezliklə qarşılamağa və Şanlıurfanın imkanlarını təqdim etməyə hazırıq. Şübhəsiz ki, əməkdaşlığın dərinləşməsi hər iki tərəfə fayda verəcək”, - deyə o bildirib. M. K. Gürpınar əməkdaşlığın təkcə turizm və ya mədəniyyətlə məhdudlaşmamalı olduğunu da vurğulayıb.
Şəhər bələdiyyəsinin rəhbəri Şanlıurfanın Azərbaycanın bir şəhəri ilə qardaşlaşmağa hazır olduğunu da bildirib.