Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub
Buxarest, 1 oktyabr, AZƏRTAC
Rumıniyada tanınmış tarixçi və diplomat, professor Tasin Cəmilin “Uca Osmanlı dövləti və Rumın knyazlıqları” (“Sublimul Stat Otoman și Țările Române”) adlı ikicildlik əsərinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Ziua de Konstantsa” nəşri məlumat yayıb.
Oktyabrın 1-də Levant Sülh Mədəniyyəti üzrə Qabaqcıl Araşdırmalar İnstitutunda keçirilən təqdimat mərasimində Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Rumıniya Akademiyasının nümayəndələri, tarixçilər, professorlar və diplomatik dairələrin təmsilçiləri iştirak ediblər.
Təqdim olunan ikicildlik əsər Osmanlı dövləti ilə Rumın knyazlıqları arasındakı tarixi münasibətlərə həsr olunub. Kitablarda Tasin Cəmilin uzun illər ərzində apardığı elmi araşdırmalar və müxtəlif elmi nəşrlərdə dərc etdirdiyi tədqiqatlar toplanıb. Müəllif yeni nəşr üçün əvvəlki araşdırmalarını yenidən nəzərdən keçirərək onu sonrakı illərdə əldə olunan elmi nəticələrlə tamamlayıb.
Mərasimdə çıxış edən Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku Tasin Cəmillə uzun illərə söykənən əməkdaşlığından danışıb və onun elmi, ictimai və diplomatik fəaliyyətini yüksək qiymətləndirib.
E.Konstantinesku 1990-cı illərin sonlarında tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində aparılan regional müzakirələri də xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə Qara dəniz və Xəzər regionlarını əhatə edən yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, eləcə də İpək Yolunun yenidən canlandırılması mühüm məsələlərdən biri idi.
Sabiq Prezident bildirib ki, Rumıniyanın bu proseslərdə ölkəni layiqincə təmsil edə biləcək diplomata ehtiyacı var idi və seçim Tasin Cəmilin üzərinə düşüb. Həmin dövrdə Rumıniyanın Azərbaycanla diplomatik münasibətləri mövcud olsa da, Bakıda səfiri yox idi. Beləliklə, Tasin Cəmilin Rumıniyanın Azərbaycandakı səfiri təyin edilməsi qərara alınıb.
Tasin Cəmil 1998–2003-cü illərdə Rumıniyanın Azərbaycan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri olub. Onun bu vəzifəyə təyin edilməsi haqqında Fərman Prezident Emil Konstantinesku tərəfindən imzalanıb. Tasin Cəmil Azərbaycandakı diplomatik missiyasını başa vurduqdan sonra 2004–2007-ci illərdə Rumıniyanın Türkmənistandakı səfiri vəzifəsində çalışıb.
Təqdimat zamanı əsərin Osmanlı dövləti ilə Rumın knyazlıqları arasında siyasi və diplomatik münasibətlərin öyrənilməsi baxımından əhəmiyyəti də vurğulanıb. Tasin Cəmilin çoxillik elmi fəaliyyətinin nəticələrini bir araya gətirən nəşrdə geniş arxiv materiallarından və tarixi sənədlərdən istifadə olunub.