Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
Bakı, 1 oktyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti sentyabr ayında ölkə ərazisində müşahidə olunmuş hava şəraiti barədə məlumat açıqlayıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, cari ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub. 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakıda və Abşeron yarımadasında sentyabr ayında maksimal temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da 13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.
Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və leysan xarakterli olub. Ümumilikdə bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 160 faizi olmaqla 23 millimetr (Hacıqabul), Balakən-Şəki zonasında aylıq normanın 106 faizi olmaqla 90 millimetr (Zaqatala), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 millimetr (Maştağa) təşkil edib.
Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində, eləcə də Tovuzun Çobansığnaq kəndində dolu müşahidə olunub.
Sentyabr ayında Bakıda və Abşeron yarımadasında 9, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 metrə çatıb.