Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH
Bakı, 1 oktyabr, AZƏRTAC
Milli hərbi sənayenin qurulması ilə bağlı Azərbaycanın təxminən 20 il əvvəl qəbul etdiyi qərar bu gün strateji nəticələrini nümayiş etdirir. ADEX sərgisi ölkəmizin müdafiə sənayesinin inkişaf səviyyəsini, yerli istehsal imkanlarını və beynəlxalq bazarlara çıxış potensialını əyani şəkildə göstərir. Bu sərgi təkcə hərbi təyinatlı silah və sursatların nümayiş olunduğu platforma deyil, eyni zamanda, Azərbaycanın öz müdafiə sənayesini dünyaya təqdim etdiyi, yerli məhsullara marağın artdığı və ixrac razılaşmalarının əldə edildiyi mühüm beynəlxalq məkandır.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müdafiə sənayesi sahəsində qısa müddətdə əldə etdiyi nəticələrə nəzər salarkən iki mühüm məqam üzərində dayanmaq lazımdır. İlk növbədə, vaxtilə hərbi sənayesi olmayan bir ölkənin bu gün güclü rəqabətin mövcud olduğu dünya müdafiə sənayesi bazarında iştirakçıya çevrilməsinin səbəbləri araşdırılmalıdır. Bu, ilk növbədə, vaxtında qəbul edilmiş düzgün strateji qərarın nəticəsidir. Azərbaycan öz müdafiə sənayesini yaradarkən bu prosesi bütövlükdə milli təhlükəsizlik konsepsiyası əsasında qurdu. Çünki milli təhlükəsizliyin əsas komponentlərindən biri strateji silah təminatında muxtariyyət yaratmaqdan ibarət idi. Təxminən 20 il əvvəl Azərbaycan qarşısında öz torpaqlarını işğaldan azad etmək kimi mühüm vəzifə dayanırdı. Bu məqsədə yalnız idxal olunan hərbi sənaye məhsulları hesabına nail olmaq həm kifayət qədər baha başa gələ, həm də müəyyən çətinliklər yarada bilərdi. Çünki hərbi sənaye məhsullarının idxal edildiyi ölkələrin müharibə dövründə necə davranacaqlarını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Azərbaycan belə bir cəsarətli, eyni zamanda, çox uzaqgörən qərar qəbul etdi. Müdafiə sənayesinin yaradılması ölkənin strateji hərbi ehtiyaclarını daxili imkanlar hesabına təmin etmək və xarici tədarükdən asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyırdı”, – deyə Hikmət Babaoğlu bildirib.
Deputat diqqətə çatdırıb ki, ADEX sərgisinin digər mühüm cəhəti Azərbaycanın yalnız klassik hərbi təyinatlı məhsulların istehsalı ilə kifayətlənməməsi, eyni zamanda, müasir hərbi texnologiyaların yaradılması istiqamətində imkanlarını genişləndirməsidir.
Yeni müdafiə vasitələrinin yaradılması aktuallaşıb
“Bu gün ölkənin müdafiə sənayesi potensialına pilotsuz uçuş aparatları, xüsusi müdafiə və hücum sistemləri, eləcə də müasir döyüş şəraitinin tələblərinə cavab verən digər texnoloji vasitələr daxildir. Müasir müdafiə sənayesinin inkişafı yalnız hücum vasitələrinin istehsalı ilə məhdudlaşmır. Pilotsuz uçuş aparatlarına və digər müasir hərbi texnologiyalara qarşı mübarizə aparan sistemlərin yaradılması da getdikcə daha böyük əhəmiyyət kəsb edir. Çünki hazırda süni intellektlə dəstəklənən, dəqiq müdafiə imkanlarına malik, elektron vasitələrlə təkmilləşdirilən və müxtəlif texnologiyaların inteqrasiyası əsasında formalaşan yeni hücum və müdafiə sistemlərinə ehtiyac artır. Əgər bir neçə il əvvəl müdafiə sənayesinin imkanlarını əsasən hücum dronları, pilotsuz uçuş aparatları və kamikadze PUA-lar kimi vasitələr üzərindən qiymətləndirirdiksə, bu gün həmin texnologiyaların digər ölkələr tərəfindən də mənimsənilməsi yeni müdafiə vasitələrinin yaradılmasını aktuallaşdırıb. Artıq pilotsuz uçuş aparatlarına və dronlara qarşı mübarizə sistemlərinin hazırlanması da müasir müdafiə sənayesinin mühüm istiqamətlərindən birinə çevrilib”, - deyə o bildirib.
Deputat qeyd edib ki, müdafiə sənayesi məhsullarının ixracı Azərbaycanın beynəlxalq bazarlarda iştirak imkanlarını genişləndirməklə yanaşı, ölkənin iqtisadi potensialına da töhfə verə bilər. Azərbaycanın müdafiə sənayesinin qurulması və inkişaf etdirilməsi ilə bağlı qərarlar ölkənin hərbi-strateji təminat imkanlarının genişləndirilməsi ilə yanaşı, ixrac potensialının artırılmasına və iqtisadi dividendlərin əldə edilməsinə də hesablanıb.
“ADEX kimi beynəlxalq sərgilər Azərbaycanın müdafiə sənayesinin imkanlarının dünyaya təqdim edilməsi, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və yeni ixrac razılaşmalarının əldə olunması baxımından mühüm rol oynayır. Bu platformalar ölkənin müdafiə sənayesinin inkişaf mərhələlərini nümayiş etdirməklə yanaşı, milli istehsalın beynəlxalq bazarlarda mövqeyinin genişləndirilməsi üçün də əlavə imkanlar yaradır”, - deyə deputat əlavə edib.
Müxbir - Səbinə Əlizadə