Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir
Bakı, 1 oktyabr, AZƏRTAC
Mustafa Şabanovun müəllifi olduğu nəşrlər, xüsusilə “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı gələcək nəsillər üçün böyük xəzinədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimat mərasimində söyləyib.
Müşfiq Cəfərov pulun dövlətin siması və gücünün göstəricilərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, müxtəlif ölkələrə səfərlər zamanı həmin dövlətlərin pul vahidləri ilə tanışlıq ölkənin iqtisadi və dövlətçilik gücü haqqında müəyyən təsəvvür yaradır. Bu kitabda təqdim olunan minlərlə sikkə nümunəsi yalnız Gəncə xanlığının deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin və dövlət gücünün göstəricisi kimi mühüm əhəmiyyət daşıyır. Kitab gələcək nəsillər üçün mühüm mənbə olacaq.
Deputat “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının da Azərbaycanın zəngin irsinin öyrənilməsi və dünyada tanıdılması baxımından əhəmiyyətini qeyd edib. O, həmçinin türk dövlətləri arasında əməkdaşlığın toxunaraq, bu həmrəyliyin gələcəkdə yeni uğurlar üçün imkanlar yaradacağına inamını ifadə edib. M.Cəfərov Türk dünyasının mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini də vurğulayıb.
Müxbir – Tünzalə Arazlı