Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrda “Brent” markalı xam neftin qiyməti təxminən 14 faiz artaraq iyuldan bəri ən güclü aylıq artım tempini nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, “Light” markalı neftin qiyməti isə ay ərzində təxminən 5 faiz artıb.
Hazırda Londonun ICE birjasında “Brent”in bir barelinin qiyməti 100 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light”ın bir barelinin qiyməti 92 dollar civarındadır.
Analitiklərin fikrincə, ABŞ-İran danışıqları ətrafındakı qeyri-müəyyənliklər neft qiymətlərinə təsirsiz ötüşmür. Bazarlar ABŞ-İran sülh danışıqlarındakı irəliləyişi və Yaxın Şərqdən artan xam neft ixracını qiymətləndirir. Belə ki, sülh danışıqları dayandığı üçün təklif narahatlıqları alışı dəstəkləyir. Lakin Yaxın Şərq neft ixracında bərpa əlamətləri satış təzyiqi yaradıb. Burada Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanından neft ixracını bərpa etməsi əhəmiyyətli amildir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından son zamanlar yüksək həcmdə neft tranziti və Amerika neft emalı zavodlarında rekord səviyyədə istehsala dair açıqlamaları qiymətlərə təsir edir. O, Ağ Evdə Cənubi Koreyanın ABŞ enerji layihələrinə 200 milyard dollar investisiya yatıracağını deyib. Tramp, həmçinin ölkədə dizel ixracına qadağa qoyulması qərarının verilib-verilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, belə bir qadağa dizel qiymətlərinə kömək etsə də, bəzi digər məhsulların qiymətlərini artıra bilər.
“Düşünürəm ki, yaxşı vəziyyətdəyik, çünki neft qiymətləri azalmağa başlayacaq. Hazırda Hörmüz boğazından çoxlu miqdarda neft keçir", - deyə o bildirib.
ABŞ-nin energetika naziri Kris Rayt da Birləşmiş Ştatların neft emalı zavodlarının rekord səviyyədə istehsal həyata keçirdiyini və Avropadan bazara yeni dizel tədarükləri ilə bağlı açıqlamalar veriləcəyini qeyd edib. O deyib ki, bu inkişaflar dizel qiymətlərini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Bundan başqa, “Reuters”ə görə, OPEC+ ölkələrinin bazar günü keçiriləcək görüşdə noyabr ayında neft hasilatı hədəflərini dəyişdirməsi gözlənilmir.