Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
Bakı, 1 oktyabr, AZƏRTAC
Ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Hörmüz boğazından çox böyük həcmdə neft keçirilməsinə nail olduğunu bəyan etdikdən sonra dünya bazarında neftin qiymətində azalma müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, bu gün səhər London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,16 faiz azalaraq 96,89 dollar təşkil edib. Nyu-York birjasında isə “Light” markalı neftin qiyməti 1,42 faiz ucuzlaşaraq 89,14 dollara satılıb.
ABŞ mətbuatı Hörmüz boğazından 20 milyon barel neft keçirildiyini yazır. Lakin bu həcm dünya bazarındakı qiymətlərə ciddi təsir göstərmək üçün kifayət etmir.
Analitiklər bildirirlər ki, neftin qiymətinin 100 dollardan aşağı düşməsi heç də ucuzlaşma tendensiyasının başladığı mənasına gəlmir. Hörmüz boğazının bağlı qalması qlobal neft təchizatında ciddi problemlər yaradıb. Bununla yanaşı, digər amillər də mövcuddur. Onlardan biri ABŞ-nin neft ehtiyatlarının 50 faizdən aşağı düşməsidir. Hazırda ABŞ öz ehtiyatlarını bərpa etməyə çalışır.
Rusiya hökuməti yanında fəaliyyət göstərən Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Uşakov bildirib ki, Yaxın Şərqdəki münaqişə yalnız neftin nəqlinə deyil, eyni zamanda, hasilatına da problemlər yaradıb. Raket zərbələri bir sıra neft yataqlarının və terminalların dağılmasına səbəb olub və onların bərpası uzun vaxt aparacaq.
“JPMorgan” əvvəlki proqnozunu dəyişərək neftin qiymətinin 90 deyil, 100 dollar həddinə qayıdacağını və inflyasiyanın 4 faiz təşkil edəcəyini bildirib. Bankın analitikləri hesab edirlər ki, İranla ABŞ arasında razılaşma əldə olunmasa, neftin qiyməti yüksək həddə qalacaq. Lakin hazırda tərəflər razılaşmadan uzaqdırlar.