Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Gürcüstanda Orta Dəhlizin tam iqtisadi potensialının reallaşdırılması imkanlarının müzakirəsi məqsədilə Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” adlı regional forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Türkiyədən hökumət, özəl sektor, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərin nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində Dünya Bankının “İnteqrasiya: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşırutu boyunca dünya səviyyəli ticarət logistikası” adlı hesabatının təqdimatı keçirilib. Sənəddə Orta Dəhlizin ticarət axınları, infrastrukturu, logistika səmərəliliyi və sektor siyasətinin üzləşdiyi çətinliklər qiymətləndirilir, hökumətlər və özəl sektor üçün prioritet gündəlik müəyyən edilir.
Hesabatda, həmçinin Orta Dəhlizdə iştirak edən 9 ölkə araşdırılıb və əlaqələndirilmiş investisiyaların, islahatların və gücləndirilmiş institutların dəhlizi 2040-cı ilə qədər daha rəqabətli və davamlı ticarət yoluna necə çevirə biləcəyi qiymətləndirilib.
Sənəddə vurğulanır ki, Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, iqtisadi şaxələndirmə və regional inteqrasiya üçün hərəkətverici qüvvəyə çevrilmək potensialına malikdir. Lakin onun gələcək uğuru təkcə yeni infrastrukturun qurulmasından deyil, həm də dəhlizin səmərəliliyinin artırılmasından asılı olacaq.
Hesabata görə, ölkələr infrastruktura birgə investisiya qoysalar, dəhlizə tələbat növbəti 15 ildə əhəmiyyətli dərəcədə arta bilər. Bunun üçün daha sürətli və etibarlı xidmətlər, ticarətin asanlaşdırılması, rəqəmsallaşma və sərhəd əməkdaşlığının dərinləşdirilməsi tələb olunur.
Eyni zamanda, Gürcüstanın Xəzər və Qara dənizləri arasında strateji mövqeyi ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda artıq aparıcı rol oynadığı qeyd edilir.