Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur
Bakı, 1 oktyabr, AZƏRTAC
Hazırda millidə mental dəyişiklik baş verir. Futbolçular məğlub durumda olanda ruhdan düşmür, mübarizəni qat-qat artırıb bərabərlik üçün mübarizə aparır və istənilən nəticəni əldə etməyə çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Bakıda Lixtenşteyn yığmasına qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, yığmanın əsas hədəfi qrupda birinci yeri tutmaqdır: “Ümumiyyətlə, hədəf əvvəlcədən müəyyənləşdirilib. Qarşıya bu formatda sonuncu Millətlər Liqasının qrupunda birinci olmaq məqsədi qoyulub. Komanda ilk oyunda öz potensialını göstərdi. Düzdür, hamımız qələbə gözləyirdik. Ancaq ən vacib olan gördüyümüz müsbət dəyişikliklərdir”.
Vaqif Sadıqov Litva ilə səfər heç-heçəsinin strateji baxımdan komandaya yaxşı imkan yaratdığını qeyd edib: “Bu nəticə imkan verir ki, öz azarkeşlərimizin önündə Lixtenşteyni məğlub edərək hədəfə çataq. Bunun üçün yaxşı şans və imkan var. Millidən gözləntimiz həmişə böyükdür. İnşallah, komanda qarşıdakı oyunlarda müsbət nəticə qazanıb, qrup liderliyinə layiq olduğunu sübut edəcək”.
O, yığmanın baş məşqçisi Ayxan Abbasovun heyət seçiminə də münasibət bildirib: “Mən həmişə deyirəm ki, gəlin, baş məşqçiyə, onun qərarlarına hörmətlə yanaşaq. Çünki bizə görünən mənzərə tam fərqlidir. Baş məşqçi hər bir oyunçunu dərindən təhlil edir, öz oyun modelinə uyğun olan futbolçuları yığmaya çağırır. Məşqlərdə və fərdi söhbətlərdə onlarla təmasda, ünsiyyətdə olur. Yəni, bizdən daha çox məlumat əldə edir və heyətə futbolçuları da buna uyğun seçir”.
Vaqif Sadıqov Ayxan Abbasovun yalnız qarşıdakı oyunları deyil, milli komandanın gələcəyini də nəzərə aldığını vurğulayıb: “Görünən odur ki, baş məşqçi tək bu gün üçün yox, gələcək yığma üçün də addımlar atır, yeni istedadları, adları heyətə cəlb edir. O, gələcəyin komandasını qurur”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.
Müxbir – Cavid Əliyev