Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir
Bakı, 1 oktyabr, AZƏRTAC
“ADEX” sərgisində daim iştirak edirik. Azərbaycanda, xüsusilə Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin əlaqələndirilmiş fəaliyyəti, Prezident İlham Əliyevin ortaya qoyduğu strategiya ilə yanaşı, özəl sektorun da inkişaf etdirilməsi istiqamətində qəbul edilən qərarlar, infrastrukturun və insan kapitalının inkişafı ilə bağlı formalaşdırılan siyasətlər çərçivəsində builki səfərimizdə inkişafı açıq şəkildə görürük.
Sərgidə həm məhsul çeşidi, həm iştirak edən şirkətlərin sayı artıb, həm də dünyanın müxtəlif yerlərində, ayrı-ayrı coğrafiyalarda istifadə olunan sistemlər, eləcə də əvvəlkilərlə müqayisədə yeni sistemlər nümayiş etdirilir. Bunlar həm avadanlıq, həm də proqram təminatı baxımından müxtəlif əməkdaşlıq modelləri, tərəfdaş şirkətlərlə qurulan əməkdaşlıqlar və həyata keçirilən investisiyalar hesabına inkişaf etdirilib. Biz də bu inkişafa töhfə verən tərəflərdən biri olaraq, birlikdə həyata keçirdiyimiz işlərin və ortaya qoyduğumuz əməyin nəticələrini burada görməkdən məmnunuq.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün deyib.
"Prezident İlham Əliyev həm qapalı, həm də açıq sərgi sahələrinə baxış keçirdi. Mən də Prezident İlham Əliyevə Türkiyədən bizimlə birlikdə gələn 61 şirkət barədə məlumat verdim. Türkiyə sərgidə ən çox iştirakçı ilə təmsil olunur. Burada, əlbəttə, söhbət yalnız şirkətlərin özlərini nümayiş etdirməsindən getmir. Eyni zamanda, iki dövlət başçısının ortaya qoyduğu strategiya əsasında həyata keçirilən işlərin və verilən sözlərin yerinə yetirildiyini, bunların nəticələrinin də burada əks olunduğunu görürük. Xüsusilə Türkiyə müdafiə sənayesinin onurğasını təşkil edən şirkətlərin burada həyata keçirdikləri investisiyalar və qurduqları tərəfdaşlıqlar, eyni zamanda, kiçik və orta miqyasdakı müəssisələrimizin gördüyü işlər və burada həyata keçirilən fəaliyyətlərin hamısı çox yüksək qiymətləndirilir.
Mən, xüsusilə Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsinin sərgidə çox yaxşı nümayiş etdirildiyini düşünürəm. Burada, əlbəttə, söhbət yalnız sistem və texnologiya istehsal etməkdən getmir. İnsan kapitalının inkişafına töhfə vermək məqsədilə də iki ölkə arasında Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Müdafiə Sənayesi Başkanlığı arasında əldə etdiyimiz anlaşmalar və inkişaf etdirdiyimiz müəyyən çərçivələr var.
Hərtərəfli baxdıqda, beynəlxalq iştirakçıların da əvvəlki sərgi ilə müqayisədə daha çox olduğunu görürük. Biz burada müxtəlif ölkələrdən olan dost və qardaş ölkələrlə, eləcə də birlikdə çalışdığımız dövlətlərlə fəaliyyətimizi qiymətləndirmək və görüşlər keçirmək imkanı əldə etdik. Bu baxımdan da sərgi çox səmərəli oldu. Sərginin xeyirli və uğurlu olmasını arzulayıram".