Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
Azərbaycanda ahıl şəxslərin sosial rifahının artırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir
Bakı, 1 oktyabr, AZƏRTAC
Hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilən qətnaməyə uyğun olaraq keçirilir.
Beynəlxalq Ahıllar Gününün təsis edilməsində məqsəd yaşlı insanların cəmiyyətdəki roluna diqqət çəkmək, onların hüquqlarının və ləyaqətinin qorunmasına, sosial və iqtisadi rifahının təmin olunmasına diqqəti artırmaqdır. Bu gün yaşlı insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulamaqla yanaşı, onların təcrübə və biliklərinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini önə çıxarır.
BMT-nin məlumatına görə, dünyada əhalinin yaş strukturu sürətlə dəyişir və insanların daha uzun ömür sürməsi qlobal demoqrafik tendensiyalardan birinə çevrilib. Bu proses yaşlı insanların sosial müdafiəsi, səhiyyə xidmətlərinə çıxışı, məşğulluğu, sosial iştirakının təmin edilməsi və nəsillərarası həmrəyliyin gücləndirilməsini daha da aktuallaşdırır. Ahılların cəmiyyət həyatında fəal iştirakının təmin olunması, onların sosial təcriddən qorunması və ləyaqətli həyat şəraitinin yaradılması dayanıqlı və inklüziv cəmiyyətin əsas şərtlərindən hesab olunur.
Beynəlxalq Ahıllar Günü, həmçinin yaşlı insanların hüquqlarının qorunmasına, onların sosial və ictimai həyatda iştirak imkanlarının genişləndirilməsinə və yaşa görə ayrı-seçkiliyin qarşısının alınmasına diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ahıl şəxslərin sosial rifahının artırılması və onların cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bununla bağlı olaraq ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların ehtiyaclarına uyğun xidmətlərlə təmin edilməsi və sosial həyata inteqrasiyasına dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, “Sosial xidmət haqqında” Qanuna əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilirlər. Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində ahıl şəxslərə stasionar formada xidmət göstərilir. Müəssisədə sakinlərin fərdi ehtiyacları nəzərə alınmaqla sosial iş və sosial reabilitasiya tədbirləri həyata keçirilir. Sakinlər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb olunurlar. Bununla yanaşı, müəssisədə ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar təşkil edilir. Eləcə də onların idman yarışlarında, gimnastika məşğələlərində və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin olunur. Hazırda müəssisədə dövlət himayəsində 210 ahıl şəxs yaşayır. Onlardan 107-si kişi, 103-ü isə qadındır. Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilirlər.
Ahıl şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması yalnız stasionar xidmətlərlə məhdudlaşmır. Agentlik tərəfindən müvafiq imtiyazlı kateqoriyalara aid şəxslərə evdə (səyyar) sosial xidmət də göstərilir. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər bu xidmətdən yararlana bilirlər. Hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3010 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb olunub. Onların 2791 nəfəri ahıl şəxslərdir. Bu xidmət zamanı sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində kömək göstərirlər.
Bundan başqa, agentliyin sosial sifarişləri əsasında hazırda ölkənin 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuzda fəaliyyət göstərən bu mərkəzlərdə ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. Layihə çərçivəsində 200 ahıl sosial xidmətlə əhatə olunur.
Müxbir - Günel Türksoy