İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları Türkiyənin İstanbul şəhərində Yıldız Teknik Universitetinin təşkilatçılığı ilə keçirilən “10-cu Polimer Elmləri və Texnologiyası Beynəlxalq Konfransı”nda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfrans polimer elmi və texnologiyasının müasir istiqamətlərinə həsr olunub.
Tədbirdə polimerlərin sintezi və modifikasiyası, funksional polimer materiallar, nanokompozitlər, hidrogellər, biopolimerlər, polimer əsaslı biomateriallar, polimerlərin reoloji xüsusiyyətləri, polimer nanomateriallar və onların müxtəlif sahələrdə tətbiqi, eləcə də yaşıl və dayanıqlı materialların hazırlanması kimi aktual mövzular müzakirə olunub.
Konfrans çərçivəsində Kimya İnstitutunun əməkdaşları apardıqları elmi-tədqiqat işlərinin nəticələrini poster məruzələri şəklində təqdim ediblər.
Cəmilə Quliyeva “Green Synthesis and Characterization of Polyethylene Glycol/Silver Nanoparticle Hydrogels” mövzusunda poster məruzəsi ilə çıxış edib. Məruzədə polietilenqlikol və gümüş nanohissəcikləri əsasında hidrogel materiallarının yaşıl sintez üsulu ilə hazırlanması və xarakterizə olunması üzrə tədqiqat nəticələri təqdim edilib.
Elmira Əliyeva “Arbidol İlacının Taşınması için Arap Zamkı-Akrilamid Kopolimer Hidrojelinin Sentez Koşullarının Optimizasyonu” mövzusunda poster təqdim edib. Tədqiqat işində Arbidol dərman maddəsinin daşınması üçün qummiarabik-akrilamid əsaslı kopolimer hidrogelinin sintez şəraitinin optimallaşdırılması məsələləri araşdırılıb.
Nərgiz Rəhimli isə “Jelatinin Reolojik Özelliklerinin ve Hidrojellerinin Şişme Davranışının İncelenmesi” mövzusunda poster məruzəsi ilə çıxış edib. Tədqiqatda jelatinin reoloji xüsusiyyətləri, müxtəlif şəraitlərdə hidrogel əmələgətirmə qabiliyyəti və hidrogellərin şişmə davranışı öyrənilib.
Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılarla fikir mübadiləsi aparılıb, yeni elmi əlaqələrin qurulması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər keçirilib.