2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT
Bakı, 30 sentyabr, AZƏRTAC
2026-2030-cu illər arasında enerji səmərəliliyi və qənaətinə qlobal investisiyaların ildə 3,2 trilyon dollara çatdırılmasına ehtiyac duyulur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA), COP31 Sədrliyi və Qlobal Bərpaolunan Enerji Alyansının (GRA) birgə hazırladığı hesabatda deyilir.
Bildirilir ki, 2025-ci ildə 1,7 faiz olan enerji intensivliyindəki yaxşılaşma 2030-cu ilə qədər orta illik 4 faizlik yaxşılaşma hədəfindən geri qalır və mövcud boşluğu aradan qaldırmaq üçün 2026-2030-cu illər arasında orta illik 5,6 faizlik yaxşılaşma tələb olunur. Bu məqsədə çatmaq üçün enerji səmərəliliyinə, xüsusən də binalara, nəqliyyata və sənaye sektoruna investisiyalar sürətləndirilməlidir.
“2025-ci ildə 369 milyard dollar səviyyəsində proqnozlaşdırılan enerji səmərəliliyi və qənaətinə qlobal investisiya 2026-2030-cu illər arasında ildə orta hesabla 3,2 trilyon dollara qədər artırılmalıdır. Səmərəlilik investisiyalarına əhəmiyyətli maneələr inkişaf etməkdə olan ölkələrdə yüksək maliyyələşdirmə və kapital xərcləridir. İnkişaf etməkdə olan ölkələr tərəfindən təqdim edilən milli planların 75 faizdən çoxu hədəflərə çatmaq üçün beynəlxalq maliyyə dəstəyinə ehtiyac duyur”, - deyə hesabatda qeyd olunur.
Vurğulanır ki, texnoloji transformasiyaya əlavə olaraq, enerji səmərəliliyi hədəflərinə çatmaq üçün enerji səmərəliliyi standartları, enerji etiketləmə təcrübələri, maliyyə təşviqləri və bina təmiri siyasətləri gücləndirilməlidir.
Həmçinin ölkələr tərəfindən Birləşmiş Millətlər Təşkilatına təqdim edilən fəaliyyət planları araşdırılan zaman enerji səmərəliliyi ilə bağlı öhdəliklərdə boşluqlar aşkar edilib. Belə ki, araşdırılan 120 milli iqlim planının 90 faizində enerji səmərəliliyi məsələsinə toxunulsa da, ölkələrin yalnız 43 faizi ölçüləbilən və davamlı səmərəlilik hədəfi müəyyən edib.
Bundan başqa, 2024-cü ildə təxminən 57 milyon olan batareyalı elektrikli və qoşula bilən hibrid nəqliyyat vasitələrinin ümumi sayının 2030-cu ilə qədər 360 milyona çatacağı gözlənilir. Bu artımla elektromobillərin qlobal nəqliyyat vasitələri parkının təxminən 20 faizini təşkil edəcəyi və 2030-cu ilədək nəqliyyat fəaliyyətində oxşar paya çatacağı proqnozlaşdırılır.