Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
Bakı, 30 sentyabr, AZƏRTAC
Biz hər bir rəqibi çox detallı şəkildə analiz edirik, onların güclü və zəif tərəflərini öyrənirik. Azərbaycan millisinə qarşı da yaxşı hazırlaşmışıq və meydanda üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Lixtenşteyn milli komandasının futbolçusu Alessio Hasler UEFA Millətlər Liqasında Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, Bakı səfərinin təşkilatçılığından və komandadakı əhvali-ruhiyyədən razılığını ifadə edib: "Bakıya olan səfərimizi problemsiz və rahat şəkildə başa vurduq. Hər şey çox yaxşı təşkil olunub. Hazırda özümü çox yaxşı hiss edirəm. Bütün komanda yoldaşlarımın fiziki durumu yüksək səviyyədədir və sabahkı matça tam hazırıq".
Hasler, həmçinin bərpa prosesinə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb: "Məşqçi heyətimiz və fizioterapevtlərimiz komandanın bərpasına xüsusi diqqət yetirirlər. Onların dəstəyi sayəsində hər birimiz matça tam hazır şəkildə çıxırıq".
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.