Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu elmi fəaliyyətində növbəti uğura imza atıb. İnstitut tərəfindən təqdim olunan “Quba-Xaçmaz iqtisadi rayonunun dayanıqlı turizm inkişafının coğrafi və geoekoloji əsaslarının tədqiqi” adlı elmi-tədqiqat layihəsi Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibləri sırasında yer alıb.
İnstitutdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanın mühüm turizm bölgələrindən olan Quba-Xaçmaz iqtisadi rayonunun ekoturizm, dağ turizmi və kənd turizmi imkanlarını elmi əsaslarla qiymətləndirmək, mövcud potensialdan daha səmərəli istifadə yollarını müəyyənləşdirmək və təbiətin qorunması ilə turizmin inkişafını uzlaşdıran dayanıqlı model hazırlamaqdır.
Layihənin nəticələri təkcə Quba-Xaçmaz regionu üçün deyil, bütövlükdə Azərbaycanda dayanıqlı turizmin elmi əsaslarla inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır. Layihə çərçivəsində regionun təbii landşaftları, dağ və meşə ekosistemi, turizm resursları, mövcud infrastruktur və nəqliyyat əlçatanlığı sahə tədqiqatları əsasında öyrəniləcək. Tədqiqatın mühüm istiqamətlərindən biri turizm mərkəzlərinin müəyyənləşdirilməsidir. Çünki turizm fəaliyyətinin genişləndirilməsi zamanı təbiətə düşən yükün nəzərə alınması, həssas landşaftların qorunması və turizmin uzunmüddətli inkişafının daha düzgün planlaşdırılması elmi əsaslarla həyata keçirilir.
Bu layihənin icrası zamanı əldə ediləcək nəticələr Azərbaycanın turizm bazarı üçün praktiki əhəmiyyət kəsb edir. Hazırlanacaq elmi tövsiyələr və məkan məlumatları turizm imkanlarından yetərincə istifadə edilməyən kəndlərin və dağlıq ərazilərin potensialının üzə çıxarılmasına, yeni turizm istiqamətlərinin formalaşdırılmasına, yerli əhalinin turizm fəaliyyətinə cəlb olunmasına və regionlarda iqtisadi fəallığın artırılmasına dəstək verə bilər. Eyni zamanda, turizmin inkişafı ilə təbii ehtiyatların və landşaftların qorunması arasında tarazlığın yaradılması ölkədə dayanıqlı regional inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
Qrant layihəsinin məhz Coğrafiya İnstitutunda həyata keçirilməsi institutun uzun illər ərzində turizm fəaliyyətinin formalaşmış elmi məktəbinin və Azərbaycanın regionları üzrə toplanmış tədqiqat təcrübəsinin müasir metodlarla davam etdirilməsi üçün yeni imkanlar yaradır. İnstitutun üstünlüklərindən biri fiziki və sosial-iqtisadi coğrafiyanın müxtəlif istiqamətlərini eyni elmi mühitdə birləşdirməsi, sahə tədqiqatlarını CİS və məkan təhlili kimi müasir yanaşmalarla əlaqələndirmək imkanına malik olmasıdır. Azərbaycan Elm Fondunun qrant müsabiqəsində əldə olunan bu nəticə İnstitutda aparılan tədqiqatların müasir, rəqabətqabiliyyətli və tətbiqyönümlü elmi layihələrə çevrilməsi istiqamətində mühüm addımlardan biridir. Layihə eyni zamanda Coğrafiya İnstitutunun elmi potensialının ölkənin sosial-iqtisadi və regional inkişaf məsələlərinin həllinə yönəldilməsi üçün yeni imkanlar açır.
Layihənin yekununda hazırlanacaq dayanıqlı turizm inkişaf modeli, tematik xəritələr, elmi nəticələr və praktiki tövsiyələrin aidiyyəti qurumlar üçün faydalı elmi baza yaratması, əldə edilən nəticələrin isə beynəlxalq elmi mühitdə təqdim olunması nəzərdə tutulur. Bununla da layihə həm Azərbaycanın regionlarının dayanıqlı inkişafına töhfə verməyi, həm də ölkədə coğrafiya elminin tətbiqi imkanlarını daha geniş nümayiş etdirməyi hədəfləyir.
Müxbir - Tünzalə Arazlı