Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
Tbilisi, 30 sentyabr, AZƏRTAC
Cari ilin əvvəlindən bəri Gürcüstanda qanunsuz yaşayan 3 mindən çox xarici vətəndaş ölkədən deportasiya edilib. Sonuncu mərhələdə 84 nəfər ölkədən çıxarılıb. Onların arasında Azərbaycan vətəndaşları da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı aparılan kampaniyanın miqyası sürətlə genişlənir. Müqayisə üçün ötən il Gürcüstandan təxminən 1300 əcnəbi deportasiya olunmuşdu ki, bu da həmin dövr üçün rekord göstərici sayılırdı.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası iqtidarda olduğu 13-cü ildə qanunsuz miqrasiyaya qarşı mübarizəni daha da fəallaşdırıb. Ölkədə müvafiq qanunvericilik sərtləşdirilib, deportasiya prosedurları sadələşdirilib, miqrantların yaşayış və iş yerlərində axtarış qaydaları asanlaşdırılıb. Yaz mövsümündən etibarən əcnəbilərin xüsusi icazə olmadan çalışması qadağan edilib, həmçinin xarici tələbələrə tətbiq olunan məhdudiyyətlər gücləndirilib.
Hökumət Daxili İşlər Nazirliyinin səlahiyyətlərini daha da artırıb. Əvvəllər yalnız miqrasiya departamentinin səlahiyyətində olan nəzarət funksiyaları cinayət və patrul polisinə də həvalə olunub. Hazırda patrul dəstələri küçələrdə əcnəbilərin sənədlərini kütləvi şəkildə yoxlayır, obyektlərdə reydlər keçirirlər.