Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi günbəzin sirri” adlı beynəlxalq sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgi Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin, Azərbaycanın Mədəniyyət Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq irsinin təbliği məqsədilə təşkil edilib.
Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, sərgi zəngin tarixi keçmişimizə nəzər salmağa, ortaq mədəni irsimizin dəyərli nümunələri ilə yaxından tanış olmağa imkan yaradır. O, Qazaxıstanın bu sərgisinin Bakıda təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Nailə Vəlixanlı qeyd edib ki, “Həzrəti Sultan” adı yalnız Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyası üçün əziz və müqəddəsdir. Bu ad XII əsrin böyük mütəfəkkiri, Türk dünyasının görkəmli şairi və mənəvi şəxsiyyəti Xoca Əhməd Yəsəvinin adı ilə sıx bağlıdır. Onun sözlərinə görə, sərgi ziyarətçilərə Xoca Əhməd Yəsəvinin həyatı, fəaliyyəti və yaradıcılığı, zəngin mənəvi irsi, eləcə də yaşadığı dövr haqqında ətraflı məlumat əldə etmək imkanı yaradır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək bu cür layihələrin ortaq tarixə və mədəniyyətə malik türk xalqlarını bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib. O vurğulayıb ki, türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan türk ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi mühüm önəm kəsb edir.
“Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Dakenov diqqətə çatdırıb ki, Qazaxıstan və Azərbaycanı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. O bildirib ki, bu cür layihələr xalqlarımızın zəngin tarixi irslə daha yaxından tanış olmasına, eləcə də iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri Leyla Həsənova və Maksat Arqınbekov çıxışlarında qeyd ediblər ki, belə təşəbbüslər yalnız Azərbaycanla Qazaxıstan arasında ikitərəfli mədəni əməkdaşlığın inkişafına deyil, bütövlükdə Türk dünyasının zəngin mədəni irsinin tanıdılmasına, öyrənilməsinə və təbliğinə xidmət edir.
Bildirilib ki, layihə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Xoca Əhməd Yəsəvi irsinin ölkə daxilində və xaricdə öyrənilməsi, qorunması və geniş təbliğinə dair tapşırıqlarının icrası istiqamətində həyata keçirilən sistemli işlərin davamıdır.
Ekspozisiya ziyarətçiləri qədim Türküstanın zəngin tarixi-mədəni irsi ilə tanış edir, Xoca Əhməd Yəsəvi məqbərəsinin orta əsr memarlığının görkəmli abidəsi və regionun mühüm mənəvi mərkəzlərindən biri kimi əhəmiyyətini nümayiş etdirir. Sərgidə məqbərənin memarlıq xüsusiyyətlərinə və epiqrafik nümunələrinə xüsusi diqqət yetirilir. Ziyarətçilərə XII əsrə aid orijinal terrakota plitələri, XIV əsrə aid şirli kaşı fraqmentləri, mayolika və mozaika elementləri, həmçinin məqbərənin bəzəyində istifadə olunmuş nadir kufi yazılarının və ərəb xəttatlığı nümunələrinin fotoşəkilləri təqdim edilir. Ekspozisiyanın mərkəzi hissəsində Xoca Əhməd Yəsəvi məqbərəsinin iki maketi nümayiş olunur. Maketlərdən biri kompleksin daxili quruluşunu və əsas məkanlarının yerləşməsini, digəri isə abidənin bütöv memarlıq görünüşünü əks etdirir.
Sərginin ayrıca bölməsi Xoca Əhməd Yəsəvinin mənəvi və intellektual irsinə həsr olunub. Burada Yəsəvi irsi ilə bağlı əlyazmalar və digər materiallar, “Nəsəbnamə” adlı şəcərə, eləcə də onun davamçılarının kitabları nümayiş etdirilir. Təqdim olunan materiallar Yəsəvi təliminin türk xalqlarının mənəvi ənənələrinin formalaşmasına və inkişafına göstərdiyi təsiri əks etdirir.