Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm
Bakı, 30 sentyabr, AZƏRTAC
Ömrümün 56 ilini Qarabağın arxeoloji abidələrinin öyrənilməsinə həsr etmişəm.
Bunu AZƏRTAC-a müsahibəsində görkəmli arxeoloq, professor Hidayət Cəfərov söyləyib. Alim bildirib ki, sovet dövründə Qarabağ arxeoloji ekspedisiyasında rəis müavini və dəstə rəisi kimi fəaliyyət göstərib. 2008-ci ildən sonra isə müstəqil Azərbaycanın yeni dövründə Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik edib. Namizədlik dissertasiyası Qarabağın qədim iqtisadi-mədəni əlaqələrinin tədqiqinə həsr olunub. Doktorluq işinin əsas müddəalarının isə “Qədim Qarabağlılar” kitabında əksini tapıb.
Professor qeyd edib ki, sovet dövründə tədqiqatlar ideoloji çərçivələrin təsiri altında aparılırdı. Müstəqillik dövründə isə Azərbaycan xalqının tarixi köklərinin, etnogenezinin və milli tarixinin daha geniş araşdırılması üçün yeni imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə arxeoloji tədqiqatların aparılması mühüm istiqamətlərdən birinə çevrilib.
Hidayət Cəfərov sovet dövründə də fundamental tədqiqatların aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Borsunlu, Sarıçoban və Bəyimsarov kurqanlarında, həmçinin Xocalı, Ballıqaya, Qarabulaq və digər abidələrdə aparılmış tədqiqatlar Azərbaycan ərazisində qədim cəmiyyətin müxtəlif inkişaf mərhələlərinin öyrənilməsinə imkan verib. Həmin arxeoloji materiallar əsasında ibtidai-icma quruluşunun müxtəlif mərhələləri, sosial-iqtisadi həyat, ictimai quruluşda baş verən dəyişikliklər, əmək bölgüsü, əmlak və sosial bərabərsizliyin meydana gəlməsi, sənətkarlığın müxtəlif sahələri tədqiq olunub. Metalişləmə, sümük və daş işləmə, təsərrüfat fəaliyyəti və qədim əkinçilərin həyatı ilə bağlı mühüm məlumatlar arxeoloji materiallar əsasında əldə edilib.
Müsahibimiz gənc arxeoloqlara tövsiyələrini də bölüşüb. O, tədqiqatçılara qorxmamağı və çəkinməməyi, arxeologiyaya yalnız maddi nümunələrin təsviri kimi yanaşmamağı tövsiyə edib.
Professor vurğulayıb ki, arxeologiya müxtəlif elm sahələrinin qovşağında inkişaf edir. Kimya, mühəndislik, memarlıq, fizika və digər elmlərin imkanlarından istifadə arxeoloji tədqiqatların nəticələrinin daha əhatəli təhlilinə imkan verir.
“Arxeoloqlar təkcə materialın təsvirini verməməlidirlər. Keramika, sümük, metal və digər maddi nümunələr əsasında həmin dövrün ictimai quruluşu, iqtisadiyyatı, sosial və mədəni həyatı haqqında nəticələr ortaya qoyulmalıdır”, – deyə alim bildirib.