Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Çinin dahi filosofu və mütəfəkkiri Konfutsinin vətəni Çüfu şəhərində keçirilən Nişan Dünya Sivilizasiyalar Forumunda Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, “Sivilizasiya, düzən və ədalət” mövzusunda keçirilən foruma 50-dən çox ölkədən dövlət rəsmiləri, alimlər, mədəniyyət xadimləri, diplomatlar, jurnalistlər qatılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyi, Çin İctimai Elmlər Akademiyası, Beynəlxalq Konfutsi Assosiasiyası və Şandon əyaləti hökumətinin birgə təşkil etdiyi tədbir Çüfu şəhərində Nişan dağının ətəyindəki “Konfutsi dünyası” mədəniyyət mərkəzində keçirilir.
Azərbaycanı forumda Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil edib. O, “Düşüncələrin dialoqu və sivilizasiyaların inteqrasiyası” adlı bölmə iclasında “Sivilizasiyalararası dialoq çərçivəsində Konfutsinin pedaqoji düşüncələrinin Azərbaycan dilinə tərcüməsi: çağırışlar və tədbirlər” mövzusunda məruzə edib. Aqşin Əliyevin Konfutsinin “Söhbətlər və mühakimələr” kitabının Azərbaycan dilinə tərcüməsi zamanı əldə etdiyi təcrübəyə əsaslanan məruzəsində tərcümə prosesində tətbiq olunan metodlar, qarşıya çıxan çətinliklər və onların həlli yolları ekoloji tərcüməşünaslıq nəzəriyyəsi baxımından araşdırılıb. Bununla yanaşı, iki xalqın milli düşüncəsində təhsil və elmə verilən dəyər müqayisəli şəkildə təhlil edilib, Konfutsinin pedaqoji düşüncələrinin müasir dövrdə aktuallığını qoruyub saxlamasının əsas səbəbləri geniş şəkildə araşdırılıb.