Folklor İnstitutunda “Şəki qaraqoyunlularının folklor irsi” mövzusunda elmi seminar təşkil edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının doktorantı da iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda şöbənin aparıcı elmi işçisi dosent Ləman Vaqifqızı “Şəki qaraqoyunluları və onların folkloru” adlı məruzəsini təqdim edib. O vurğulayıb ki, son 30 ildə Azərbaycan folkloru ayrı-ayrı bölgələr üzrə toplanıb nəşr edilir. Ancaq bölgə folklorunu dərindən toplayanda məlum olur ki, hər bölgənin içində də müxtəlif etnoqrafik bölgələr var, onların da sistemli şəkildə toplanılması və öyrənilməsi zəruridir. Qaraqoyunlu, Əfşar, Padar, Xələc və s. tayfaların folklorunun da ayrıca toplanılıb nəşr olunması məqsədəuyğundur.
Məruzəçi Qaraqoyunlu camaatının Şəkiyə gəlişləri ilə bağlı xalq arasında olan versiyalardan ayrıca danışıb: “Şəki qaraqoyunlularından bu bölgədə məskunlaşmaları ilə bağlı yeddi versiya qeydə almışıq. Onların İrandan Şəkiyə gəlmələri; Van gölü sahillərindən gəlmələri; M.P.Vaqifin xahişi ilə Məhəmmədhüseyn xan Müştaqın onlara bu əraziləri yaşayış yeri kimi verməsi; Yevlaxın Qaramanlı və Marzılı kəndlərindən gələrək bölgəyə yerləşmələri; Ərazilərini su basması səbəbi ilə Samuxdan buraya köç etmələri; Şirvandan Şəkiyə gəlmələri; Qaraqoyunlu dərəsindən Qazax rayonuna, oradan da Şəkiyə gəlmələri kimi müxtəlif fikirlər Şəki qaraqoyunluları arasında mövcuddur. Beləliklə, aydın olur ki, onlar bu əraziyə eyni vaxtda deyil, müxtəlif vaxtlarda gəliblər”.
Ləman Vaqifqızı, həmçinin Qaraqoyunlu folklorundan, bu nümunələrin Şəki folkloru və digər bölgələrimizdə yaşayan qaraqoyunluların folkloru ilə oxşar və fərqli tərəflərindən də bəhs edib.
Seminar məruzə ətrafında müzakirələrlə davam edib.