Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib
Bakı, 30 sentyabr, AZƏRTAC
XIX əsrin sonlarında Azərbaycan arxeologiyasının təşəkkül mərhələsində tədqiqatlar əsasən əcnəbi alimlərin fəaliyyəti ilə bağlı olub. Yerli mütəxəssislərin formalaşması ilə Azərbaycan arxeologiyasında ölkənin qədim dövrünə dair yeni elmi yanaşmalar və tədqiqat istiqamətləri meydana gəlib.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.
Fərhad Quliyev bildirib ki, Məmmədəli Hüseynov, İdeal Nərimanov, İsmayıl Cəfərzadə və digər görkəmli tədqiqatçılar Azərbaycan arxeologiya elminin formalaşmasında mühüm rol oynayıblar. Hidayət Cəfərov 1980-ci illərdən etibarən xüsusilə Qarabağ arxeologiyasının, Tunc dövrü mədəniyyətinin əsaslı şəkildə öyrənilməsində mühüm elmi nəticələr əldə edib. Görkəmli arxeoloq 56 illik elmi fəaliyyəti dövründə arxeologiyanın müxtəlif istiqamətlərində tədqiqatlar aparıb. O, elmi fəaliyyətə 1970-ci illərdə başlayıb, akademik Qurban Əlizadənin dəstəyi və məsləhətləri ilə peşəkar tədqiqatçı kimi formalaşıb. İdeal Nərimanovun rəhbərlik etdiyi Böyük Qarabağ ekspedisiyasının üzvü, daha sonra isə ekspedisiyanın rəis müavini kimi fəaliyyət göstərib. Həmin dövrün tanınmış alimlərinin gənc kadrlara dəstəyi nəticəsində Hidayət Cəfərov qısa müddətdə Azərbaycan arxeologiyasında öz elmi mövqeyini formalaşdırıb və Qarabağ arxeologiyasının problemlərinin tədqiqi üzrə tanınmış mütəxəssislərdən birinə çevrilib.
İnstitutun direktoru qeyd edib ki, sovet dövründə Azərbaycanda dissertasiya şuralarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər olduğundan bir çox mütəxəssislər elmi işlərini başqa şəhərlərdə müdafiə edirdilər. Hidayət Cəfərov 1970-ci illərdə İrəvan şəhərində namizədlik dissertasiyasını müdafiə edib. Onun Tunc dövrü ilə bağlı tədqiqatlarında yeni elmi yanaşmalar və qədim Azərbaycan tarixinə dair terminlərdən istifadə etməsi müəyyən müzakirələrə və çətinliklərə səbəb olub. Bütün bu çətinliklərə baxmayaraq, Hidayət Cəfərov elmi fəaliyyətini davam etdirərək Azərbaycan arxeologiyasının, xüsusilə Qarabağ arxeologiyasının tədqiqinə mühüm töhfələr verib.