Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın Formula 1 Qran-Prisinə artıq onuncu dəfə ev sahibliyinin Bakının Dünya İdman Paytaxtı statusu qazandığı ilə təsadüf etməsi özü rəmzi məna daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazirin sözlərinə görə, bu yarış Azərbaycanın beynəlxalq idman tədbirləri coğrafiyasındakı mövqeyini daimi və etibarlı tərəfdaşlıq statusunda bir daha təsdiqləyir: “Onillik təcrübə göstərir ki, yarış sadəcə avtoidman azarkeşləri üçün dinamik bir şou deyil, həm də ölkənin sosial-iqtisadi, mədəni və institusional transformasiyasına xidmət edən məhsuldur”.
Fərid Qayıbov qeyd edib ki, müasir dünyada ölkələrin müsbət imicinin formalaşması həm də idman və mədəniyyət layihələri vasitəsilə həyata keçirilir: “Bu il Azərbaycan Qran-Prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, yarış 56 xarici televiziya kanalında canlı yayımlanıb. Yarış günlərində yüz milyonlarla televiziya tamaşaçısı Bakının tarixi və müasir memarlığını seyr edib, şüurlarda Azərbaycanın açıq, müasir və təhlükəsiz bir ölkə kimi mövqeyi daha da möhkəmlənib”.
Nazir, həmçinin bildirib ki, son üç ildə yarış üçün satışa çıxarılan bütün biletlər satılıb, 4 yeni tribuna istifadəyə verilib və ümumi tutum 21 minə yüksəldilib: “Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunadan canlı izləyib, xüsusi ayrılmış zonalara isə gündəlik 3 mindən çox giriş qeydə alınıb. Ümumilikdə, 4 gün ərzində 92 min iştirak qeydə alınıb, Bulvar ərazisindəki əyləncə zonalarında isə ayrı-ayrı günlərdə 25 mindən çox azarkeş iştirak edib.
Bunlar layihənin iqtisadi baxımdan davamlılığını və cəlbediciliyini göstərir. Bu axın təkcə hotelçilik və iaşə obyektlərinə gəlir gətirmir. Ümumiləşdirsək, layihə qeyri-neft sektorunun inkişafına töhfədir, həmin sektorun genişlənməsi üçün yeni fəlsəfədir. Yarışın təşkilatçılıq modeli göstərir ki, idman turizmi ölkə iqtisadiyyatının diversifikasiyasında mühüm drayverlərdən birinə çevrilib”.
Fərid Qayıbovun sözlərinə görə, yarışdan əvvəl və dərhal sonra şəhər nəqliyyat arteriyalarının operativ şəkildə sakinlərin istifadəsinə qaytarılması şəhər idarəetməsinin və logistik infrastrukturun yüksək peşəkarlıq səviyyəsindən xəbər verir.
Nazir Formula 1-in gənclər üçün əhəmiyyətinə də toxunub. O bildirib ki, bu yarış həm də gənclər üçün sosiallaşma, könüllülük təcrübəsi və qlobal mədəniyyətə inteqrasiya platformasıdır: “Yarış çərçivəsində təşkil edilən konsert proqramları, kütləvi mədəniyyət tədbirləri və onlara qatılan 40 minə yaxın tamaşaçı şəhərin mədəni həyatının canlanmasına xidmət edir”.
Fərid Qayıbov deyib ki, Formula 1 yarışı Bakı Şəhər Halqasında təkcə tras üzərində sürət mübarizəsi deyil: “Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artıran, ölkənin iqtisadi və turizm potensialını reallaşdıran, şəhər infrastrukturunu sınayaraq inkişaf etdirən və mədəni mühiti canlandıran layihədir”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin builki qalibi “Mercedes”in britaniyalı pilotu Corc Rassell olub.
Müxbir-Mikayıl Məmmədov