“Xarıbülbül” “Route du Vin” marafonunda
Bakı, 29 sentyabr, AZƏRTAC
Lüksemburqun Remich şəhərində 1962-ci ildən etibarən hər il ənənəvi olaraq keçirilən və minlərlə iştirakçını bir araya gətirən “Route du Vin” yarımmarafonu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, 21 km-lik məsafəni əhatə edən marafon sentyabrın 27-də keçirildiyindən marafona qatılan Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının (LuxAz) üzvləri və Lüksemburqda yaşayan azərbaycanlılar öz iştiraklarını Anım Gününə həsr ediblər.
Həmvətənlərimiz yarış zamanı üzərlərində 44 Günlük Vətən müharibəsinin əsas simvollarından birinə çevrilmiş Xarıbülbül döş nişanını daşıyıblar. Xarıbülbül nişanları marafon iştirakçılarının diqqətini cəlb edib və simvolla maraqlananlara Xarıbülbülün mənası və 27 Sentyabr – Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verilib.