Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti
Pekin, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində bu ölkədə ali təhsil alan 30-a yaxın azərbaycanlı tələbə ilə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə gənclərimizin Malayziyada tələbəlik həyatı, dərsdənkənar fəaliyyətləri, onların təhsil müddətində üzləşdikləri problemlər müzakirə olunub. Azərbaycan diasporunun dünyada gördüyü işlər, diaspor təşkilatlarının fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Xəzər Fərhadov gənclərə Azərbaycanın təbliği istiqamətində tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkən səfir qarşıya qoyulan hədəflərə nail olunması, kadr tələbatının ödənilməsində xaricdə ali təhsil almış gənclərimizin də rol oynayacağına inandığını vurğulayıb.
Tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər. Belə görüşlərin Malayziyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.