“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində və Salyan rayonunun Elxan Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər keçirilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, açıq dərslərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri Hilal Salmanov və Rövşən Ağayev, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Prezident Kitabxanasının direktoru Afət Abbasova, yerli icra strukturlarının nümayəndələri, ADPU-nun dekan və kafedra müdirləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, tələbə və müəllimlər, əslən Qərbi Azərbaycandan olan valideynlər, yerli media nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Açıq dərslərdə Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliğinin əhəmiyyəti vurğulanıb. Belə maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Səfər çərçivəsində məktəblərin kitabxana fonduna Qərbi Azərbaycanla bağlı kitablar da təqdim olunub.
Qeyd olunub ki, tədbirlərin keçirilməsində məqsəd şagird və tələbələrin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərini artırmaq, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsinə töhfə verməkdir.