Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb
Naxçıvan, 29 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 MVt/saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal olunan ümumi elektrik enerjisinin 59,7 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 min 228,8 MVt/saat, su elektrik stansiyalarında 175 min 507,1 MVt/saat, Günəş və külək elektrik stansiyalarında isə 39 min 397,5 MVt/saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6 faiz artıb.
Müxbir- Nail Əsgərov