Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
Paris, 29 sentyabr, AZƏRTAC
Prokurorluq MoDem partiyasının parlament köməkçiləri işi üzrə Fransanın keçmiş Baş naziri Fransua Bayru üçün 2 il şərti həbs cəzası, 50 min avro cərimə və 3 il müddətinə seçki hüququndan məhrumetmə tələb edib.
AZƏRTAC xəbər verir ki, Fransua Bayru Parisdə MoDem partiyasının Avropa parlamenti köməkçiləri işi üzrə Apellyasiya Məhkəməsində mühakimə olunur.
İttiham tərəfinin fikrincə, mərkəzçi partiyanın rəhbəri Avropa Parlamentinin deputat köməkçiləri kimi maaş alan şəxslərin əslində MoDem üçün çalışdığını görməyə bilməzdi.
Fransua Bayru isə belə bir sistemdən xəbərdar olmadığını bildirir.
İş 2005–2017-ci illərdə bağlanmış 11 parlament köməkçisi müqaviləsinə aiddir. İttiham tərəfinin hesablamalarına görə, söhbət təxminən 300 min avrodan gedir.
2024-cü ilin fevralında Paris Cinayət Məhkəməsi Bayru ilə bağlı bəraət hökmü çıxarıb. Məhkəmə hesab edib ki, iş materialları sübut üçün kifayət etmir. Prokurorluq isə Bayru ilə bağlı qərardan apellyasiya şikayəti verib və bunun nəticəsində keçmiş Baş nazir yenidən mühakimə olunur.
Apellyasiya məhkəməsi isə hələlik qərarını açıqlamayıb.