“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
Cəlilabad, 29 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji tədqiqatlar nəticəsində Kür-Araz arxeoloji mədəniyyətinin ilkin mərhələsinə aid mühüm tapıntılar aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildən fasilələrlə Xudutəpədə aparılan arxeoloji qazıntılar zamanı yaşayış məskəninin müxtəlif dövrlərə aid zəngin mədəni təbəqələrə malik olduğu müəyyənləşdirilib. Aşkarlanan materiallar burada yaşayışın eramızdan əvvəl V minillikdən - yəni Xalkolit dövründən başlayaraq Orta əsrlərə - XIV-XV əsrlərə qədər intensiv davam etdiyini göstərir.
Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Xudutəpənin yerləşdiyi ərazi qədim insanların uzunmüddətli məskunlaşması üçün əlverişli təbii-coğrafi şəraiti ilə seçilib. Burada əkinçilik və maldarlıq üçün münasib şəraitin, şirin su ehtiyatlarının və zəngin təbiətin mövcudluğu yaşayış məskəninin uzun müddət fəaliyyət göstərməsinə imkan verib.
Onun sözlərinə görə, qazıntılar zamanı təsərrüfat quyuları, ocaq və təndir qalıqları, yaşayış otaqları, müxtəlif tikili qalıqları, həmçinin çiy kərpicdən hazırlanmış döşəmələr aşkarlanıb. Bu tip döşəmələrdən evlərin daxilində istiliyin qorunması məqsədilə istifadə olunduğu ehtimal edilir.
Ekspedisiya rəhbəri qeyd edib ki, Xudutəpədə əldə olunan yeni arxeoloji materiallar Kür-Araz mədəniyyətinin yaranması və ilkin yayılma arealı ilə bağlı mühüm məlumatlar verir.
“Xudutəpədə aşkarlanan yeni nümunələr Kür-Araz mədəniyyətinin yaranması və yayılması arealının ən qədim variantının məhz Muğandan, Xudutəpədən başlandığını söyləməyi istisna etmir”, - deyə A.Ağalarzadə bildirib.
O xatırladıb ki, tarix boyu davamlı və zəngin mədəni inkişafın ən mühüm nümunələrindən biri Mesopotamiya hesab olunur:
“Muğanın da oxşar xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq, biz bu ərazini “Cənubi Qafqazın Mesopotamiyası” adlandıra bilərik. Çünki burada əkinçilik və maldarlıq üçün əlverişli şərait, bol su ehtiyatları və zəngin təbiət olub. Bütün bunlar insanların uzunmüddətli yaşayışını təmin edən əsas amillərdir. Biz də bu xüsusiyyətinə görə Muğanı Cənubi Qafqazın Mesopotamiyası adlandırırıq”, – deyə ekspedisiya rəhbəri bildirib.
A.Ağalarzadənin sözlərinə görə, indiyədək Xudutəpədə aparılan qazıntılar zamanı mindən çox arxeoloji tapıntı əldə edilib. Onlardan 300-ə yaxını qeydiyyata alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun elmi fonduna, Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Bəzi nümunələr isə elmi analizlərin aparılması üçün xarici laboratoriyalara göndərilib. Hazırda həmin materiallar Almaniyanın Höte Universitetinin laboratoriyasında tədqiq olunur.
“Xudutəpədən götürülmüş nümunələr Avropa alimlərinin də diqqətini cəlb edib. Analizlərin nəticələrinin yaxın aylarda açıqlanması gözlənilir. Bundan sonra Xudutəpənin dəqiq yaşını müəyyənləşdirə biləcəyik”, – deyə A.Ağalarzadə bildirib.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid gildən hazırlanmış miniatür qoç fiqurları da aşkarlanıb. Təkcə bu il aparılan qazıntılar zamanı 4 belə fiqur tapılıb. Bununla da Xudutəpədə aşkar edilən qoç miniatürlərinin ümumi sayı 9-a çatıb.
Anar Ağalarzadə bildirib ki, bu tapıntılar qədim insanların dünyagörüşü və təsərrüfat fəaliyyəti barədə mühüm məlumat verir.
“Qoç fiqurlarını artıq Xudutəpə yaşayış yerinin simvollarından biri hesab etmək olar. Qədim dövrlərdən bolluq və bərəkət rəmzi sayılan qoç obrazı insanların təsərrüfat həyatı, xüsusilə də heyvandarlıqla bağlı inanclarını əks etdirir”, – deyə ekspedisiya rəhbəri vurğulayıb.
Qeyd edək ki, Xudutəpədə arxeoloji qazıntılar hazırda da davam etdirilir. Əldə olunan yeni materialların tədqiqi Kür-Araz mədəniyyətinin ilkin mərhələsi və Muğan ərazisində qədim yaşayışın inkişaf tarixinin daha ətraflı öyrənilməsinə imkan verəcək.
Müxbir - İlkin Adıyev