Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 29-dan 16 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək. 41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
Başlanğıcını metronun “Dərnəgül” stansiyasından götürən 2 nömrəli marşrutun “Avtovağzal” metro stansiyası istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə “Dərnəgül” metro stansiyasına doğru hərəkət edəcək.
3 nömrəli marşrutun “Dərnəgül” metro stansiyası istiqamətində hərəkəti Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə hərəkət edəcək. Hər üç marşrut üzrə avtobusların hərəkəti “Dərnəgül” metro stansiyası istiqamətində təşkil ediləcək.
202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.
Bildirilib ki, 7-ci mikrorayon ərazisində yaşayan sakinlərin “Dərnəgül” metro stansiyası istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 3 nömrəli müntəzəm marşrutdan avtobuslar ayrılacaq. Həmin avtobuslar Abay Kunanbayev küçəsi (7-ci mikrorayon) – “Dərnəgül” metro stansiyası marşrutu üzrə sərnişinlərə ödənişsiz xidmət göstərəcək.