Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
SXA-dan AZƏRTAC-a verilən məlumata görə, uşaqlar agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.
Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçiriləcək. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.
Onların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.
SXA tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.