Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanda informasiya və rabitə sektoru son illərdə sürətli inkişaf nümayiş etdirən sahələrdən birinə çevrilib. Rəqəmsal xidmətlərin genişlənməsi, informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi sektorun iqtisadiyyatdakı rolunu daha da artırıb. Rəqəmsal həllərə tələbatın artması informasiya və rabitə xidmətlərinin həcminin yüksəlməsinə, eləcə də sektorda yaradılan əlavə dəyərin artmasına şərait yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-avqust aylarında informasiya və rabitə sektorunda yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz artaraq 1 milyard 775 milyon manat təşkil edib.
Nəticədə informasiya və rabitə sektorunun ÜDM-də payı 2 faizə, qeyri-neft-qaz ÜDM-də payı isə 2,9 faizə yüksəlib.
Hesabat dövründə sektor üzrə ümumi gəlirlər də artıb. Belə ki, informasiya və rabitə sahəsində əldə olunan gəlirlər real ifadədə 10,7 faiz və ya 309 milyon manat artaraq 2 milyard 748 milyon manata çatıb.
Sektorun inkişafında investisiyaların artması da mühüm rol oynayır. Cari ilin yanvar-avqust aylarında informasiya və rabitə sektoruna yatırılan investisiyaların həcmi real ifadədə 49,4 faiz və ya 109 milyon manat artaraq 320 milyon manat olub.
İnvestisiya qoyuluşlarının əhəmiyyətli dərəcədə artması informasiya-kommunikasiya infrastrukturunun genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişaf etdirilməsi və yeni texnoloji imkanların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.