Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib.
Almaniyanın koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib.
Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq.
Azərbaycanın koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq.
Qeyd edək ki, sentyabrın 21-25-də keçirilən sessiyada AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər.