BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Maqsut Narikbayev Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə birgə konfrans, sərgi, seminar, simpozium və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.
Sənəddə elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər də əksini tapıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Maqsut Narikbayev Universitetinin akademik məsələlər üzrə birinci vitse-prezidenti Anar İbrayeva imzalayıb.