Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov “Orhun” mübadilə proqramı çərçivəsində Yusub Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (QMU) mühazirələr oxuyub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində dosent Bahadur Bilalov QMU-nun rektoru professor Dogdurbek Çontoyev ilə görüşüb. Görüşdə ali məktəblərin fakültələri arasında sıx əməkdaşlığın yaradılması, birgə elmi konfranslar və s. haqqında fikir mübadiləsi aparılıb və razılıq əldə olunub.
“Orhun” proqramının tələblərinə və kafedra rəhbərliyinin arzusuna uyğun olaraq dosent Bahadur Bilalov turizm ixtisasının 1-3-cü kurs tələbələri üçün müxtəlif mövzularda mühazirələr oxuyub, onların çoxsaylı suallarını cavablandırıb.
Xatırladaq ki, “Orhun” proqramı türk dövlətləri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, tələbə və akademik heyətin qarşılıqlı mübadiləsini təşviq etmək üçün yaradılmış beynəlxalq platformadır.
Proqram Türk Universitetləri Birliyi çərçivəsində həyata keçirilir və əsas məqsədi gənc nəslin, alim və mütəxəssislərin Türk dünyasının ortaq dəyərləri əsasında yetişməsini təmin etməkdir.