Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın artan iqtisadi potensialı və investisiya imkanları, ölkəmizin qlobal investisiya xəritəsindəki strateji mövqeyi sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində geniş müzakirə olunub. Forum Azərbaycanın xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Bakıda keçirilən forum qlobal investisiya şirkətlərini bir araya gətirərək qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına, qabaqcıl ideya və layihələrin müzakirəsinə, ölkəmizə əlavə investisiyaların cəlb edilməsinə geniş imkanlar yaradıb.
“35 illik müstəqillik tarixinə malik Azərbaycanın 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrünə nəzər salsaq görərik ki, xarici investorlarla əməkdaşlığa xüsusi önəm verilib, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət daşıyan layihələr həyata keçirilib. Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə istinad edərək bu çağırışı edib ki, heç bir ölkə təcrübə mübadiləsi aparmadan, səylərini birləşdirmədən təkbaşına iqtisadi inkişafa nail ola bilməz.
Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi” bunun bariz nümunəsidir. Xarici investisiyaların cəlb edilməsi, transmilli şirkətlərlə təcrübə mübadiləsi və birgə səylər nəticəsində həyata keçirilən irimiqyaslı layihələr ölkələri və xalqları birləşdirir. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Ölkəmizin enerji və nəqliyyat imkanları, geniş coğrafiyanı əhatə edən əlaqələri beynəlxalq tədbirlərdə xüsusi diqqət çəkir”, - deyə deputat vurğulayıb.
M.Həsənov bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın səyləri ilə regionda dayanıqlı sülh və təhlükəsizlik üçün yeni imkanlar yaranıb. Bu, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir.
“Hazırkı mərhələdə yeni reallıqlar fonunda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində həmin ərazilərin malik olduqları iqtisadi potensiala xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni dayaq nöqtələrindən biri olacaq. Bu ərazilərdə kənd təsərrüfatı, bərpaolunan enerji və turizm sahələrində həyata keçirilən layihələr qeyri-neft sektorunun inkişafına böyük dəstək verəcək”, - deyə M.Həsənov əlavə edib.
Deputat qeyd edib ki, ənənəvi enerji sahəsində əldə olunan uğurlar bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Onun sözlərinə görə, rəqəmsal inkişaf dövründə dayanıqlı iqtisadiyyat qurmaq üçün müasir tələblərə cavab verən kadr hazırlığı əsas vəzifələrdən biri kimi önə çəkilir. Bu proses rəqəmsal savadlılığın artırılmasını və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsini tələb edir.
O, forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanmasını da xüsusi vurğulayıb: “İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edir. Bu ilin iyununda keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatacaq. Bu göstərici investorların Azərbaycana artan marağını və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyini nümayiş etdirir”.