Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan xalqı uzun illər torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərimizin dağıdılması, tarixi və mədəni irsimizin məhv edilməsi ilə üzləşib. Münaqişənin sülh yolu ilə həlli istiqamətində illərlə aparılan danışıqlar isə nəticə verməyib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələri də uzun illər icra olunmayıb və Azərbaycan bütün bu dövr ərzində beynəlxalq hüquqa əsaslanan mövqeyini qoruyub. Ölkəmizin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, müasir və qüdrətli Ordunun formalaşdırılması qarşıya qoyulan əsas strateji vəzifələrdən biri olub. Məhz bu məqsədyönlü siyasətin nəticəsində Azərbaycan öz iqtisadi və hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti Azərbaycanın milli gücünü möhkəmləndirib, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi və müdafiə potensialının gücləndirilməsi üçün geniş imkanlar yaradıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumunu xatırladaraq qeyd edib ki, həmin gündən etibarən Azərbaycan xalqı, ordumuz və dövlətimiz vahid məqsəd ətrafında – işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda bir yumruq kimi birləşib. Cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Hadrut qəsəbəsi, Şuşa və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edilib. Azərbaycan Ordusu öz döyüş qabiliyyətini, əsgər və zabitlərimizin qəhrəmanlığını və peşəkarlığını bütün dünyaya göstərib. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin həlledici məqamlarından biridir. Belə ki, Şuşanın azad olunması xalqımızın milli iradəsinin, Vətən sevgisinin və sarsılmaz ruhunun təntənəsidir.
“Vətən müharibəsi, eyni zamanda, Azərbaycan dövlətinin gücünün, xalqımızın milli həmrəyliyinin və ordumuzun yüksək döyüş qabiliyyətinin bütün dünyaya nümayişidir. Azərbaycan əsgərinin qəhrəmanlığı ilə yanaşı, dövlətin göstərdiyi siyasi iradə və qətiyyət də bu tarixi Zəfərin mühüm amillərindəndir.
Sentyabrın 27-də Anım Günü elan edilməsi Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Bu tarix bizim üçün yalnız təqvimdə qeyd olunan gün yox, Vətən uğrunda həyatını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini yaşatdığımız müqəddəs gündür. Şəhid ailələri və qazilərimizin dövlət qayğısı ilə əhatə olunması da Zəfərdənsonrakı dövrün mühüm istiqamətlərindəndir. Onların sosial müdafiəsinin gücləndirilməsi, müalicə və reabilitasiyası, mənzil və digər təminat məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət Vətən qarşısında mənəvi borcumuzun mühüm ifadəsidir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması da mühüm vəzifələrdəndir. Bakıda yaradılan Zəfər parkı və Zəfər Muzeyi Vətən müharibəsinin tarixini, xalqımızın mübarizəsini və şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdıran mühüm məkanlardır”, - deyə deputat qeyd edib.
Fatma Yıldırım vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın əldə etdiyi Zəfərin davamıdır. Yeni şəhərlər və kəndlər salınır, yollar və tunellər çəkilir, məktəblər, xəstəxanalar, sosial obyektlər və yaşayış kompleksləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə təmin olunur. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs əsasında həyata keçirilən bu proses Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Onilliklər ərzində yurd həsrəti ilə yaşayan insanların bu gün öz ata-baba torpaqlarına qayıtması böyük tarixi ədalətin bərpasıdır.