Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?
Bakı, 28 sentyabr, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) qərarı ilə hər il sentyabrın 28-i dünyada Quduzluqla Mübarizə Günü (World Rabies Day) kimi qeyd olunur. Təşkilatın əsas hədəfi 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə bu xəstəliyə yoluxma hallarının tamamilə qarşısını almaqdır.
AZƏRTAC xəbər verir ki, WOAH-nin məlumatına əsasən, dünyada hər il 70 minə yaxın insan quduzluq səbəbindən həyatını itirir. Yoluxma hallarının 99 faizi məhz quduz itlərin dişləməsi nəticəsində baş verir. Lakin quduzluq yalnız itlərdən keçmir; canavar, tülkü, eləcə də pişiklərdən yoluxma riski olduqca yüksəkdir. Buna görə də pişik cırmaqlaması zamanı belə mütləq həkimə müraciət edilməlidir.
Quduzluq diaqnozu epidemioloji məlumatlar, kliniki əlamətlər və laborator müayinələr əsasında qoyulur. Müalicəsi olmayan bu virus vaxtında peyvənd vurulmazsa, mütləq ölümlə nəticələnir.
Xəstəliyin ilkin əlamətləri qripə bənzəsə də, bir neçə gündən sonra ağır simptomlarla - hidrofobiya (sudan qorxmaq) və fotofobiya (işığa həssaslıq), psixonevroloji pozulmalar və aqressiv davranışlar, udqunma aktının pozulması və ağızın köpüklənməsi, yüksək hərarət və yuxusuzluqla özünün büruzə verir.
Heyvan dişləməsinə, cırmaqlamasına və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda yaranı dərhal təmizləyin, zədələnmiş dərini dərhal sabun və bol təmiz su ilə yuyun, həkimə müraciət edin, təcili olaraq infeksionist həkimə müraciət edib quduzluq əleyhinə vaksin vurdurun.
Sahibsiz heyvanların sayının artması, küçə it və pişiklərin vaxtında sterilizasiya olunmaması və peyvəndlənməməsi ciddi sanitar-epidemioloji problemlər yaradır. Bu təhlükənin qarşısını almaq üçün ev heyvanları mütləq peyvəndlənməli, sahibsiz heyvanlarla birbaşa təmasdan qaçınılmalıdır. Eyni zamanda, küçə heyvanları sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sığınacaq və sahibləndirmə kimi humanist rəftarla əhatə olunmalıdır.