AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da görkəmli alim, professor, arxeoloq Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC -a bildirilib ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında saat 11:00-da başlayacaq. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı və AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanın çıxışları nəzərdə tutulub.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Cümhuriyyətindən olan alimlərin də elmi məruzələrlə çıxış etmələri planlaşdırılır.
Beynəlxalq elmi konfransda Qarabağın arxeoloji irsi və regionun arxeoloji mədəniyyətləri ilə bağlı elmi məsələlərin müzakirə olunması, müxtəlif ölkələrdən olan alimlər arasında fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.