Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Fransanın Strasburq şəhərində Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin (CDEDU) 10-cu plenar iclasında Azərbaycanı Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva təmsil edib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Avropa Şurasının təhsil sahəsində əsas hökumətlərarası komitəsi olan CDEDU üzv dövlətlər arasında təhsil siyasəti üzrə əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayır. 46 üzv dövlətin müvafiq Elm və Təhsil nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən 10-cu plenar iclasda Avropa Şurasının 2024-2030-cu illər üzrə Təhsil Strategiyasının icrası, habelə təhsil sahəsində cari fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.
İclas çərçivəsində Elm və Təhsil Nazirliyinin nümayəndəsi rəqəmsal dövrdə müəllimlərin və digər təhsil işçilərinin rolunun gücləndirilməsi, süni intellekt və rəqəmsal texnologiyaların təhsildə tətbiqi, təhsildə gender bərabərliyinin təmin edilməsi, elmi-tədqiqat fəaliyyətinin təşviqi, o cümlədən elmi nəticələrin praktiki tətbiqinin stimullaşdırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verib.