Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Çinin Şanxay şəhərində sentyabrın 22-dən 27-dək keçirilən “WorldSkills Shanghai 2026” - 48-ci Dünya Bacarıqlar Yarışında Azərbaycan komandası kibertəhlükəsizlik bacarığı üzrə “Medal of Excellence” mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq yarışda 70 ölkə və regiondan 1400-dən çox iştirakçı 64 bacarıq üzrə texniki bilik və praktiki səriştələrini nümayiş etdirib. Yarış 6 əsas sektor üzrə təşkil olunub.
Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub. “WorldSkills Azerbaijan” komandasının üzvləri qaynaq, avtomobil texnologiyaları, dəmiryol nəqliyyatı texnologiyaları, elektronika, veb-texnologiyaları, aşpazlıq və kibertəhlükəsizlik bacarıqları üzrə mübarizə aparıblar.
Yarışın açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi İlqar Bayramlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Kibertəhlükəsizlik bacarığı üzrə Azərbaycanı Əli Məhərrəmli və Yusif Kazımlı təmsil ediblər. Azərbaycan komandası 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüb. Bu nəticə ilə Azərbaycan komandası Avstraliya (698), Koreya (696), Braziliya (684), Tailand (682), Hindistan (681), Malayziya (680) və Yaponiya (673) komandalarını geridə qoyub. Bu, Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” mükafatıdır. Ölkəmiz bundan əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə bu mükafata layiq görülüb.
Kibertəhlükəsizlik bacarığı üzrə namizədlərin seçimi və hazırlığı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Seçim prosesi “Capture The Flag” (CTF) formatında keçirilən mərhələləri əhatə edib. Final seçim mərhələsində iştirakçıların müdafiə və insidentlərə reaksiya, eləcə də hücum metodları və sistem boşluqlarının istismarı üzrə texniki bilik və praktiki bacarıqları qiymətləndirilib.
Bundan başqa, yarışda “Elektronika” bacarığı üzrə Azərbaycanı təmsil edən Orxan Mustafayev “Best of Nation” medalına, Zarina Təhməzova isə “Best CCD – Medal of Excellence” mükafatına layiq görülüb.
Azərbaycan 2020-ci ildə peşə bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması, gənclərin beynəlxalq arenada tanıdılması və məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “WorldSkills International” təşkilatına 85-ci həqiqi üzv kimi qəbul olunub. 2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb. “WorldSkills” hərəkatı peşə bacarıqlarının inkişafı, təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, gənclərin müasir peşələr üzrə hazırlanması və beynəlxalq bacarıq standartlarının təhsil sisteminə inteqrasiyasına xidmət edir.