Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
Bakı, 28 sentyabr, AZƏRTAC
Heç-heçə olmasına baxmayaraq, millimiz yaxşı oyun nümayiş etdirdi. Qazanılan bir xal minimum məqsəd idi və millimiz bu nəticəyə nail oldu. İlk dəqiqələrdə oyun yaxşı başlamasa da, buraxılan qoldan və xüsusilə hesabı bərabərləşdirdikdən sonra millimiz daha inamlı oynamağa başladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov ötən gün UEFA Millətlər Liqasının D Divizionunda keçirilən Litva - Azərbaycan (1:1) oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis görüşdə ərazi üstünlüyünün millimizin tərəfində olduğunu bildirib: “Birinci hissə millimizin üstünlüyü ilə keçdi. İkinci hissədə isə oyun açıq futbol şəklində davam etdi. Rəqib evdə oynadığı üçün qol vurmaq istəyirdi. Lakin millimiz arxada oturmadı, qapanmadı və əks-hücumlardan istifadə edərək hücumlar qurmağa çalışdı”.
A.Əsədov komandanın əvvəlki oyunla müqayisədə irəliləyiş nümayiş etdirdiyini vurğulayıb: “Ümumi götürsək, millimiz pis oynamadı. Tacikistanla oyuna baxsaq, düzdür, orada qələbə oldu, burada isə heç-heçə qeydə alındı. Lakin nəticə baxımından bu, vacib oyun idi. Tacikistan oyunundan sonra indiki görüşdə millimizdə irəliləyiş hiss olundu”.
Sabiq baş məşqçi qarşıdakı oyunlarda Azərbaycan millisinin qrupda birinci pillə uğrunda mübarizə aparmaq şanslarının olduğunu qeyd edib: “Qalan iki oyunda yaxşı şansımız var. Həm Lixtenşteynə, həm də Litvaya qarşı qələbə qazanmaqla birinci yer baxımından böyük bir performans əldə etmək mümkündür. Buna görə də bu oyunun davamını gətirib evdəki qarşılaşmalarda qələbə qazanmaq vacibdir. Toplanacaq 6 xal qrupda birinci yeri tutmaq üçün çox yaxşı fürsət olacaq”.
Qeyd edək ki, yığma qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.