Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
Bakı, 28 sentyabr, AZƏRTAC
Palçıq Vulkanları Turizm Kompleksinin daxilində Turizm İnformasiya Mərkəzi, müxtəlif emalatxanalar, o cümlədən keramika və rəsm emalatxanaları, həmçinin mineral suların təqdim olunduğu sərgi zalı fəaliyyət göstərir. Burada, həmçinin “Təbiət tarixi” sərgi zalı da turistlər tərəfindən böyük maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
O bildirib ki, vulkan ərazisinin xüsusi yollar vasitəsilə, vulkana toxunmadan, kənardan maksimum detalları ilə öyrənilməsi üçün şərait yaradılıb. Bununla da ölkənin zəngin təbiət incilərindən biri hesab olunan palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır və ziyarətçilərin onlarla yaxından tanış olması təmin edilir.
“Palçıq Vulkanları Turizm Kompleksi ilə yanaşı, digər istiqamətlərdə də dövlətin turizmə verdiyi dəstəyə uyğun olaraq yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir”, – deyə o qeyd edib.