Polşa, Çexiya və Macarıstanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər ediblər
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər müddətində Avropadan gələn 20-yə yaxın turizm şirkətinin nümayəndəsi Azərbaycanın mövcud turizm imkanları ilə tanış olub, həmçinin Bakı, Şamaxı, Şəki və Qəbələ şəhərlərini ziyarət edib.
Səfər çərçivəsində xarici turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətlərinin 60-dan çox nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub.
Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Polşadan ziyarətçi sayında 14,9 faiz, Çexiyadan 0,2 faiz, Macarıstandan isə 5,6 faiz artım qeydə alınıb.