Azərbaycanlı rəssam Kann şəhərində beynəlxalq mükafata layiq görülüb
Bakı, 15 sentyabr, AZƏRTAC
Tanınmış azərbaycanlı rəssam Marqarita Kərimova-Sokolova Kann şəhərində “Renuar – incəsənətin böyük interpretatoru” beynəlxalq mükafatına layiq görülüb. Hazırda Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız müsabiqəyə “Eva” əsəri ilə qatılıb.
AZƏRTAC xəbər verir ki, mükafat incəsənət tarixinin ən parlaq və nüfuzlu simalarından biri olan Pyer-Ogyust Renuara ehtiramın ifadəsi kimi təsis edilib. İmpressionizmin banilərindən biri olan Renuar əsərlərində parlaq rənglər, işıq və insan obrazına dərin həssaslıqla həyat sevincini tərənnüm edib. Mükafat reallığı şərh etmək, işığı emosiyaya, incəsənəti isə universal dilə çevirmək bacarığına malik rəssamlara təqdim olunur.
M.Kərimova-Sokolova bildirib ki, “Eva” əsərini yaratmaq qərarına gəlməsinin səbəbi qadın obrazının gözəlliyi və kövrəkliyinin Renuar yaradıcılığına ən yaxın mövzulardan biri olmasıdır.
AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam iştirak etdiyi bütün tədbir və sərgilərdə, xüsusilə də beynəlxalq mükafatlara layiq görüldüyü zaman Azərbaycanı qürurla təmsil etdiyini deyib.
“Bu, həyatımda gözəl hadisədir. Bütün qələbələrim, bütün mükafatlarım Azərbaycana həsr olunub. Məni təqdim edərkən həmişə “Azərbaycan” sözünü də əlavə edirlər. Əsərlərimin dərc olunduğu bütün kataloqlarda, bütün kitablarda təmsil etdiyim ölkənin – Azərbaycanın adı həmişə qeyd olunur. Mənim üçün beynəlxalq arenada ölkəmi təmsil etmək çox vacibdir”, – deyə müsahibimiz vurğulayıb.
Bundan əlavə, “Renuar – incəsənətin böyük interpretatoru” mükafatının namizədi kimi rəssam Monako Knyazlığında, şəhərin əsas sərgi mərkəzlərindən biri olan Fontvieille Şapitosunda hər il keçirilən “Art3f Monaco” beynəlxalq müasir incəsənət sərgisində də iştirak edib. Sərgi müasir incəsənətə açıq və əlçatan yanaşması ilə tanınan Avropa “Art3f” şəbəkəsinin bir hissəsidir.
Sərgi, həmçinin beynəlxalq rəssamları və qalereyaları bir araya gətirərək rəngkarlıq, heykəltəraşlıq, fotoqrafiya və müxtəlif texnikalarda hazırlanmış minlərlə əsəri nümayiş etdirir. Onun əsas fəlsəfəsi rəssamlarla ictimaiyyət arasında birbaşa ünsiyyətin təşviq edilməsi, incəsənət bazarında ənənəvi maneələrin aradan qaldırılması və qonaqpərvər, dinamik və cəlbedici mühitin yaradılmasından ibarətdir.